×
A
A
A
Sazlamalar

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Avtomobil nəqliyyatı haqqında” (Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə 221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1, maddə 22, № 12 (I kitab), maddələr 2510, 2517; 2019, № 3, maddə 374, № 8, maddə 1379; 2020, № 6, maddə 663; 2021, № 1, maddələr 1, 11; 2023, № 4, maddələr 452, 462) aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulaya “orqanları” sözündən sonra “(qurumları)” sözü əlavə edilsin;
1.2. 1-ci maddə üzrə:
1.2.1. 1.0.2-ci maddədə “infrastrukturundan” sözü “infrastruktur obyektlərindən” sözləri ilə əvəz edilsin;
1.2.2. 1.0.6-cı maddədə “infrastrukturu” sözü “infrastruktur obyektləri” sözləri ilə əvəz edilsin və həmin maddəyə “məntəqələri,” sözündən sonra “avtomobil nəqliyyatı parkları,” sözləri əlavə edilsin;
1.2.3. 1.0.9-1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınan” sözləri “müvafiq icazəsi olan” sözləri ilə əvəz edilsin;
1.2.4. aşağıdakı məzmunda 1.0.17-1-ci maddə əlavə edilsin:
“1.0.17-1. taksometr – taksi minik avtomobilinin qət etdiyi məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatı;”;
1.2.5. 1.0.24-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.24. analoq taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;”;
1.2.6. aşağıdakı məzmunda 1.0.25 –1.0.36-cı maddələr əlavə edilsin:
“1.0.25. rəqəmsal taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;
1.0.26. rəqəmsal taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən inteqral mikrosxemli kart;
1.0.27. sürücünün taxoqraf kartı – avtonəqliyyat vasitəsini idarə edərkən sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edilən rəqəmsal kart;
1.0.28. operatorun taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən operatora məxsus rəqəmsal kart;
1.0.29. emalatxana taxoqraf kartı – rəqəmsal taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi, kalibrlənməsi və onlara texniki xidmətin göstərilməsi, eyni zamanda rəqəmsal taxoqrafdan məlumatların yüklənilməsi üçün istifadə edilən rəqəmsal kart;
1.0.30. nəzarətçi taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus rəqəmsal kart;
1.0.31. formulyar – qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;
1.0.32. bilet-uçot vərəqi – şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;
1.0.33. taksi sifarişi xidməti – telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmət;
1.0.34. taksi sifarişi operatoru – taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar;
1.0.35. buraxılış vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə;
1.0.36. buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart.”;
1.3. 3.1-ci maddəyə “orqanları” sözündən sonra “(qurumları)” sözü əlavə edilsin və həmin maddədə “nəqliyyat” sözü “avtomobil nəqliyyatı” sözləri ilə əvəz edilsin;
1.4. 4.0.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.7-ci maddə əlavə edilsin:
“4.0.7. ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları.”;
1.5. 6-cı maddə üzrə:
1.5.1. adında “infrastrukturuna” sözü “infrastruktur obyektlərinə” sözləri ilə əvəz edilsin;
1.5.2. 6.4-cü maddədə “infrastrukturu” sözü “infrastruktur obyektləri” sözləri ilə əvəz edilsin;
1.5.3. 6.5-ci maddəyə “məntəqələrinin,” sözündən sonra “avtomobil nəqliyyatı parklarının,” sözləri əlavə edilsin;
1.5.4. aşağıdakı məzmunda 6.6-cı maddə əlavə edilsin:
“6.6. Müvafiq yol-nəqliyyat, sosial, mədəni, ictimai-iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və digər bu kimi xidmətlərin kompleks qaydada təqdim edilməsi məqsədilə avtomobil nəqliyyatı parkları yaradıla bilər.”;
1.6. aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:
“7.1-1. Əhalisinin sayı üç yüz min nəfərədək olan yaşayış məntəqələrində bir, əhalisinin sayı üç yüz min nəfərdən çox olan yaşayış məntəqələrində iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil oluna bilər.”;
1.7. 9-cu maddə üzrə:
1.7.1. 9.2-ci maddədən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın;
1.7.2. aşağıdakı məzmunda 9.2-1-ci və 9.2-2-ci maddələr əlavə edilsin:
“9.2-1. Sürücü, operator, emalatxana və ya nəzarətçi taxoqraf kartlarının verilməsi və ya yenilənməsi, müvafiq olaraq sürücünün, operatorun, emalatxananın və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla), habelə bu sahədə fəaliyyət göstərən digər fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqavilə əsasında həyata keçirilir.
9.2-2. Bu Qanunun 57-1-ci maddəsinə uyğun olaraq, operatorlar, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) texniki heyət üzvləri, operatorların məsul şəxsləri və sürücüləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi xüsusi proqram üzrə hazırlıq keçməlidir. Xüsusi proqram üzrə hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə əsasında həyata keçirilir.”;
1.7.3. 9.3-cü maddədən “və ölkədaxili” sözləri çıxarılsın;
1.8. 13 – 15-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 13. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə
13.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar:
13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi;
13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;
13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;
13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə;
13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır.
13.3. Bu Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir.
13.4. Bu Qanunun 13.1.1-ci, 13.1.3-cü, 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələrin və buraxılış kartlarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur.

Maddə 14. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlər (məlumatlar)
14.1. Bu Qanunun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir:
14.1.1. müraciət edən şəxs hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbərləri haqqında məlumatları (soyadı, adı, atasının adı və vəzifəsi);
14.1.2. məsul şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), məsul şəxslərin müəyyən olunmasını təsdiq edən sənədləri;
14.1.3. beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini;
14.1.4. barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədləri;
14.1.5. sürücüləri haqqında məlumatları (adı, soyadı və atasının adı), sürücülərinin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini və əmək müqavilələrinə dair məlumatı (operator ilə sürücü eyni şəxs olan hal istisna olmaqla);
14.1.6. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədləri və ya belə xidmətləri göstərəcək şəxslə bağlanılmış müqaviləni;
14.1.7. fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərlərinin, məsul şəxslərinin həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən arayışı;
14.1.8. ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatlarını, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışını;
14.1.9. operatorun məsul şəxslərinin, habelə sürücülərinin bu Qanunun 50.2-ci maddəsinə uyğun olaraq hazırlıqdan keçməsini təsdiq edən sənədləri;
14.1.10. operatorun və sürücülərin taxoqraf kartlarının olması barədə məlumatı;
14.1.11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
14.2. Bu Qanunun 13.1.2-ci maddəsində nəzərdə tutulan icazəni almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir:
14.2.1. fərdi sahibkar olduqda, şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı;
14.2.2. vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnaməni;
14.2.3. hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini.
14.3. Bu Qanunun 13.1.3-cü və 13.1.5-ci maddələrində nəzərdə tutulan icazələrin alınması üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir:
14.3.1. sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrini;
14.3.2. hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələrini;
14.3.3. ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin, o cümlədən taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
14.3.4. avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;
14.3.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi hallarda müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması barədə məlumatı;
14.3.6. taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnaməni;
14.3.7. sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
14.3.8. beynəlxalq marşrut üzrə müntəzəm sərnişin daşınmasına münasibətdə, həmçinin bu Qanunun 14.1.1-ci, 14.1.2-ci, 14.1.5-ci (sürücülərlə bağlanmış əmək müqavilələrinə münasibətdə), 14.1.6 – 14.1.10-cu maddələrində nəzərdə tutulan sənədləri və məlumatları;
14.3.9. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
14.4. Bu Qanunun 13.1.4-cü maddəsində nəzərdə tutulan icazəni almaq istəyən hüquqi şəxslər və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim edir:
14.4.1. müraciət edən şəxsin internet informasiya ehtiyatı və taksi sifarişi operatoru fəaliyyəti üçün istifadə etdiyi bütün telekommunikasiya vasitələri, o cümlədən mobil tətbiqlər barədə məlumatları;
14.4.2. taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan Respublikasının ərazisində yerləşən filial və ya nümayəndəliyi barədə məlumatları;
14.4.3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
14.5. Bu Qanunun 14.1 – 14.4-cü maddələrində qeyd olunan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
Maddə 15. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin tətbiqi xüsusiyyətləri
15.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş icazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada verilir. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər.
15.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı verilir. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edir. Buraxılış kartının hüquqi qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
15.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda və qaydada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş icazənin dublikatını verir, icazəni yenidən rəsmiləşdirir, dayandırır, bərpa edir və ləğv edir.
15.4. Avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edə bilər. Məhdudiyyətlər tətbiq edilməzdən 60 (altmış) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq əsasları göstərməklə, mediada məlumat verməlidir.
15.5. Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.
Maddə 15-1. Taksi sifarişi operatorları
15-1.1. Taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər.
15-1.2. Taksi sifarişi operatoru tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağandır.”;
1.9. 20-ci maddə üzrə:
1.9.1. 20.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“20.1. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.”;
1.9.2. 20.2-ci maddəyə “daşımaları” sözündən sonra “buraxılış kartında” sözləri əlavə edilsin;
1.10. 21-ci maddə üzrə:
1.10.1. 21.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müsabiqədə iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə ödəniş edilir.”;
1.10.2. aşağıdakı məzmunda 21.8-ci və 21.9-cu maddələr əlavə edilsin:
“21.8. Beynəlxalq müntəzəm marşrutların Azərbaycan Respublikasının ərazisində yerləşən, şəhərlərarası (rayonlararası) müntəzəm marşrutların isə şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.
21.9. Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən elektron qaydada doldurulur.”;
1.11. 22-ci maddə üzrə:
1.11.1. 22.2-ci maddədə “müvafiq formada tərtib edilən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan elektron” sözləri ilə əvəz edilsin;
1.11.2. aşağıdakı məzmunda 22.3-1-ci maddə əlavə edilsin:
“22.3-1. Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirilməsinə yol verilmir.”;
1.11.3. 22.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“22.4. Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.”;
1.11.4. 22.5-ci maddəyə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
1.12. 27-ci maddə üzrə:
1.12.1. 27.3-cü maddənin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Xüsusi hazırlığın təşkili və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.”;
1.12.2. aşağıdakı məzmunda 27.4-cü maddə əlavə edilsin:
“27.4. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
1.13. 40-cı maddə üzrə:
1.13.1. 40.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan elektron əmtəə-nəqliyyat qaiməsi əsasında həyata keçirilir.”;
1.13.2. 40.1-ci maddənin ikinci cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
1.13.3. 40.2-ci maddənin birinci cümləsində “Əmtəə-nəqliyyat” sözləri “Elektron əmtəə-nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
1.13.4. 40.3-cü maddənin birinci abzasında “Əmtəə-nəqliyyat” sözləri “Elektron əmtəə-nəqliyyat” sözləri ilə əvəz edilsin;
1.13.5. 40.4-cü, 40.5-ci maddələrə və 40.8-ci maddənin birinci cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
1.14. 41.1-ci, 44.4-cü, 44.5-ci, 45.2-ci, 46.2-ci, 46.3-cü, 46.4-cü və 47.2-ci maddələrə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
1.15. 43-cü maddə üzrə:
1.15.1. 43.1-ci, 43.2-ci, 43.5-ci maddələrə və 43.10-cu maddənin ikinci cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
1.15.2. 43.6-cı maddədə “Əmtəə-nəqliyyat” sözləri “Elektron əmtəə-nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin maddəyə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;
1.16. 50-ci və 57-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 50. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili
50.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.
50.2. Operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçirilir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
50.3. Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.
50.4. İcazə sistemi tətbiq edən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mübadilə edilən (əldə edilən) və verilən “İcazə” blankları (jurnalları) əsasında yerinə yetirilir. “İcazə” blankları (jurnallar) növbəlilik, bazar payı və ya malik olduğu nəqliyyat vasitələrinin sayı nəzərə alınmaqla operatorlar arasında bölüşdürülür. “İcazə” blankının (jurnalının) üzərində onun verildiyi operatorun adı və onu fərdiləşdirməyə imkan verən digər məlumatlar qeyd edilir. “İcazə” blanklarının (jurnalların) verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqq ödənilir.
50.5. “İcazə” blankları (jurnalları) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli beynəlxalq müqavilələrə və beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq kvotalar üzrə mübadilə edilir və ya çoxtərəfli sazişlərə uyğun olaraq əldə edilir.
50.6. “İcazə” blanklarının (jurnallarının) doldurulması zamanı məlumatların təhrif olunması, pozulması və yenidən yazılması, habelə “İcazə” blankının (jurnalının) başqa şəxslərə ötürülməsi qadağandır.
50.7. Xarici dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi qadağandır.
50.8. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinin Azərbaycan Respublikasının ərazisində yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin edir.”;
“Maddə 57-1. Beynəlxalq sərnişin və yük daşımalarında taxoqrafdan istifadə
57-1.1. Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər.
57-1.2. Operatorlar və beynəlxalq daşımaları yerinə yetirən sürücülər tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol verilmir.”.
Maddə 2. Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2023-cü il

Qanunlar 2023-08-18 12:30:00