“Azəriqaz”a qaz sayğacı plombunun qırılması ilə bağlı 2 min 118 məlumat daxil olub
Bakı, 18 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə qaz sayğacın plombunun zədələnməsi, qırılması ilə bağlı 2 118 məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
X.Şimşək qeyd edib ki, təkcə iyul ayında bununla bağlı 293 müraciət daxil olub: “Qaz sayğacları qaz xətləri üzərində quraşdırılıb kipliyə yoxlanıldıqdan sonra xüsusi nömrəli plombla korroziyaya davamlı izolə edilmiş xüsusi məftil (sim) vasitəsi ilə yivli birləşmələri plomblanır. Plombun toxunulmazlığı barədə abonentin cavabdehliyi göstərilməklə müvafiq sənədlə rəsmiləşdirilir və aktın 1 nüsxəsi abonentə təqdim edilir. Sayğacın yivli birləşmələrinə vurulmuş xüsusi nömrəli plomb onun şəbəkədən ayrılmasının və təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısını alır. Əks halda Nazirlər Kabinetinin “Qаzdаn istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5. bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb olunmalıdır”, - deyə “Azəriqaz” rəsmisi söyləyib.
X.Şimşək qeyd edib ki, sayğacın üzərində xüsusi plombun mövcudluğu quraşdırılmış sayğacın toxunulmazlığı deməkdir. Yəni sayğaca hər hansı bir səlahiyyətli mütəxəssisin texniki baxış keçirilməsi halları istisna olmaqla plomba toxunmaq olmaz.
“Sayğacın üzərinə vurulmuş xüsusi nömrəli plombun hər hansı bir səbəbdən aşkar edilməməsi və ya sındırılmış vəziyyətdə olması halı təbii qazdan qeyri-qanuni istifadə edilməsi şübhəsini yaradır. Sayğacın üzərinə vurulmuş xüsusi nömrəli plomb istehlakçının müdaxiləsi olmadan qırılması halları abonent tərəfindən aşkar edilərsə bu barədə “Azəriqaz” İB-nin 104/185 qaynar xəttinə yaxud yazılı formada E-poçt: [email protected] rəsmi müraciət etməlidir. Verilmiş məlumat əsasında mütəxəssislər tərəfindən yerində baxış keçirilərək araşdırılır, plombun qırılma səbəbi dəqiqləşdirilir və abonentin müdaxiləsi olmadan qırılması qənaətinə gəlinərsə dəymiş ziyan hesablanmır və dərhal qaz sayğacı yenidən plomblanır. Ancaq yuxarıda qeyd olunan məsələlər istisna olmaqla qaz sayğacı üzərinə vurulmuş plomb qazpaylayıcı tərəfindən aşkar edilmədikdə və ya qəsdən sındırıldıqda itirilmiş təbii qazın dəyəri barədə dəymiş ziyan aktı tərtib edilərək bir nüsxəsi istehlakçıya təqdim edilir”, - deyə X.Şimşək əlavə edib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək