×
A
A
A
Sazlamalar

Samur-Yalama milli parkında “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycanda ilk dəfə Samur-Yalama milli parkında “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi, “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyi və Peşə Təhsilinin İnkişafına və Məsulluğa Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova ətraf mühitin qorunması istiqamətində görülən işlər və layihələr haqqında geniş məlumat verib.
Sonra xidmətin Xüsusi Mühafizə olunan ərazilər şöbəsinin müdiri Elnur İbrahimov ekoloji maarifləndirmənin gənclər arasında təbliğinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Xidmətin əməkdaşı Turqut Əhmədov bu istiqamətdə müxtəlif səpkili layihələrin gənclərin iştirakı ilə davam etdiriləcəyini bildirib.
Layihədə iştirak edən 60 iştirakçı komandalara bölünərək bir saat ərzində yarışaraq milli park ərazisinin ətrafında tullantılardan təmizləyiblər. Yarışın sonunda 500 kiloqram müxtəlif ətraf mühit tullantısı toplanaraq müvafiq quruma təhvil verilib.
Sonda “Şuşalılar” komandası birinci, “Qoçaqlar” komandası ikinci, “Xarıbülbül” komandası üçüncü yeri tutaraq diplomlar və müxtəlif hədiyyələrlə, digər komandaların üzvləri isə aktivlik sertifikatları ilə təltif olunublar.
Qeyd olunub ki, layihə ölkə ərazisinin müxtəlif bölgələrində davam etdiriləcək.

Ekologiya 2023-08-14 10:40:00