×
A
A
A
Sazlamalar

Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb

Bakı, 5 avqust, AZƏRTAC
“Təmiz ölkəm” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyətləri orqanlarının, Gənclər və İdman Nazirliyinin regional bölmələrinin, yerli mənzil-kommunal təsərrüfat idarələrinin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə dəniz sahillərində, çay və göl hövzələrində, meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiyalar çərçivəsində Xəzər dənizinin Xaçmaz və Lənkəran sahilləri, Kür çayının Yevlax rayonundan, Qoşqarçayın Samux rayonundan, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindən keçən hissəsi, Astara, Ağstafa, Kürdəmir, Quba, İsmayıllı, Şəki, Zaqatala, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Gədəbəy və Qəbələ rayonlarının meşə əraziləri tullantılardan təmizlənib.
Aksiyalar zamanı ümumilikdə 10 tondan artıq məişət tullantısı, 300 metr sintetik tor ərazilərdən təmizlənərək yığışdırılıb.
Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi ekoloji şüurun formalaşmasına dəstək olmaq, tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir.
Nazirlik hər kəsi təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa dəvət edir.

Ekologiya 2023-08-05 22:14:00