×
A
A
A
Sazlamalar

“ASAN İmza”ya sahib olmaq vergiödəyicilərinə üstünlüklər vəd edir

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi sahibkarlıq mühiti və biznes fəaliyyətinin təşviqi, vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli rıçaqların yaradılmasına nail olmaq, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən vergi daxilolmalarının dinamik artımını təmin etmək kimi məqsədlərə xidmət edir. Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kompüter informasiya sisteminin yaradılmasıdır.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin funksional fəaliyyətlərinin vahid elektron sistem çərçivəsində avtomatlaşdırılması və tədricən vergiödəyiciləri ilə birbaşa əlaqənin təmassız əlaqə ilə əvəz edilməsi prioritetlərdəndir. Vergi orqanlarının funksional fəaliyyətini vahid kompüter sistemi ilə avtomatlaşdırmaq üçün vergiödəyicilərinin vahid dövlət reyestrinin yaradılması və burada zəruri məlumatların toplanması, bəyannamələrin elektron formatda qəbulu bu prosesin mühüm elementləri kimi reallaşdırılıb. Vergi orqanları ilə vergiödəyiciləri arasında elektron əlaqəyə keçid təmin olunsa da, bu sahədə təkmilləşdirmələr davam etdirilir.

Elektron kabinetdən istifadədə yeniliklər

2024-cü il yanvarın 1-dən etibarən vergiödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qaydalar tətbiq ediləcək. Həmin qaydalara əsasən, vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq, ödəyicilər yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər. Gücləndirilmiş elektron imza vergiödəyiciləri üçün daha geniş imkanlar yaradır. Belə ki, elektron imza vasitəsilə vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-fakturanın göndərilməsi və bu kimi çoxsaylı digər elektron xidmətlərin icrası mümkündür.

Gücləndirilmiş elektron imzası olan vergiödəyiciləri mobil telefon, kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə biləcəklər. Vergiödəyicisi elektron kabinetinə daxil olmaq və sözügedən elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzaya (“ASAN İmza”) sahib olmalıdır.
Vergiödəyəcilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara “ASAN İmza”ya sahib olmaq üçün vaxt qazandırır. Lakin bu o demək deyil ki, “ASAN İmza” əldə etmək üçün ilin sonunu gözləməliyik. Yaxşı olardı vergiödəyiciləri “ASAN İmza” almaq üçün indidən müraciət etsinlər ki, sonradan sıxlıqla üzləşməsinlər.

Təhlükəsiz, etibarlı və rahat...

Vergiödəyicilərinin elektron kabinetinə vergi orqanları tərəfindən bir sıra vacib məlumatlar, o cümlədən normativ aktlara, qanunvericiliyə və bəyannamə formalarına edilmiş dəyişikliklər, müxtəlif sənədlərdə qeydə alınmış uyğunsuzluqlar və digər yeniliklər göndərilir.

Vergiödəyiciləri bu məlumatlarla tanış olmaq üçün elektron kabinetlərindən istifadə edirlər. Yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə elektron kabinetə daxil olmağın şərtləndirilməsi ən çox təhlükəsizliklə bağlıdır. Gücləndirilmiş elektron imzanın əsas üstünlükləri gizlilik, bütünlük, tanınma və məsuliyyətdən yayınmanın mümkünsüz olmasıdır. Həmçinin, vergiödəyiciləri gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bir sıra elektron xidmətlərdən, o cümlədən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, e-qaimə-fakturaların təqdim olunması, ümumilikdə isə daim yenilənən digər xidmətlərdən yararlana bilirlər.



Maliyyə 2023-08-05 10:46:00