×
A
A
A
Sazlamalar

“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları

Bakı, 4 avqust, AZƏRTAC
Yağ turşularının xüsusiyyəti onların molekulundakı karbon atomlarının və karbon atomları arasındakı ikiqat rabitələrin sayı, eləcə də həmin rabitələrin yerləşdiyi mövqeyə görə müəyyən edilir. “Omeqa-3” yağ turşularının geniş yayılan və balıq mənşəli növüdür. Qida əlavəsi kimi tanınan həmin məhsul uzun karbon zəncirinə malik doymamış yağ turşuları qrupundan təşkil olunub. İnsan sağlamlığı üçün faydalı olan və yağ turşularının ən yaxşı mənbəyi hesab edilən “Omeqa-3” balıq yağı əlavəsi tuna, siyənək, skumbriya kimi yağlı balıqlardan əldə olunan heyvan mənşəli yağ qrupuna daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Yusif Babayevin hazırladığı elmi məqalədə bəhs olunur.
Tərkibində yağ turşuları və D vitamini olan “Omeqa-3” istehlak üçün olduqca faydalı sayılır. Otaq şəraitində saxlanılan və maye halda olan bu balıq yağı növü həkimlərin tövsiyəsi ilə bütün insanların, xüsusilə də uşaqların asanlıqla istehlak edə biləcəyi qida əlavəsidir.
“Omeqa-3” insan orqanizminin bir sıra funksiyaları üçün vacib və zəruridir. Elmi araşdırmalar əsasında bu yağ turşularından istifadənin insanların bir çox xəstəliklərdən qorunmasında əhəmiyyətli rol oynadığı aşkarlanıb. D vitamini ilə zəngin olan “Omeqa-3” balıq yağı növü sümüklərin möhkəmlənməsinə, qaraciyərin yağlanmasının qarşısının alınmasına müsbət təsir göstərməklə, ürək-damar sistemi xəstəliklərinin profilaktikasında əhəmiyyətli rol oynayır. Bu yağ turşuları qrupu xərçəngin qarşısının alınmasında, iltihabi proseslərin azalmasında və gözlərin sağlamlığının təmin olunmasında böyük rol oynayır.
A vitamini ilə zəngin olan balıq yağı xüsusilə uşaqlarda gözlərin sağlamlığını qorumaqla yanaşı, onların görmə qabiliyyətini də gücləndirir. Həmçinin tərkibindəki zəngin maddələr kompleksi sayəsində uşaqların immunitetini gücləndirir və onları qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur. Nəticədə “Omeqa-3” uşaqlarda sağlam böyüməni və inkişafı təmin edir. Eyni zamanda, onların idrakının inkişafına və yetkinləşməsinə müsbət təsir göstərir.
“Omeqa-3” balıq yağı uzun illərdir ki, insanlar tərəfindən istifadə olunan pəhriz qida əlavəsi növüdür və müxtəlif formalarda istehsal edilir. Ticarət obyektlərində bu balıq yağına kapsul və həblər formasında rast gəlinir. Uşaqlar üçün daha cəlbedici olması üçün bu yağ çeynənən gel şəklində də istehsal edilir. Bununla yanaşı, balıq yağı kapsullarında olan yağın kalori dəyərinin qəbul edilən digər qidalarla müqayisədə çox olmadığı bildirilir. Buna görə də onun kökəlməyə səbəb olmadığı hesab edilir.
Şübhəsiz ki, “Omeqa-3” və digər bu kimi faydalı qida əlavələrinin təhlükəsiz formada qəbulu zəruri hesab edilir.
Ümumdünya Səhiyyə Təşkilatının sağlam qidalanma ilə bağlı tövsiyələrində orqanizmə kifayət qədər “Omeqa-3” yağ turşularının daxil olmasının təmin edilməsi məqsədi ilə insanın həftədə 2-3 dəfə balıq istehlak etməsi vacib hesab olunur.
Balıq istehlakının geniş yayılmadığı coğrafi məkanlarda yaşayan və ya balıq bişirməyi və istehlak etməyi sevməyənlər isə həkimlərin tövsiyəsi ilə balıq yağından məqsədəuyğun şəkildə istifadə edə bilərlər.
Kifayət qədər balıq istehlak olunmadığı halda, müvafiq mütəxəssis məsləhəti ilə balıq yağı əlavəsinin istehlakına başlanılmalıdır. Bütün qida əlavələri kimi, “Omeqa-3” balıq yağının da kortəbii şəkildə deyil, həkim məsləhəti ilə istehlak edilməsinə üstünlük verilməlidir.

Sağlamlıq klubu 2023-08-04 12:42:00