×
A
A
A
Sazlamalar

Əmlak vergisi borcuna görə fiziki şəxsə nə qədər faiz hesablanır?

Bakı, 4 avqust, AZƏRTAC

Fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə ödənilir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergiödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Maliyyə 2023-08-04 10:31:00