×
A
A
A
Sazlamalar

“Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə cavablandırılmış sorğu vərəqəsinin və qiymətləndirmə nəticələrinə dair arayışın müzakirəsi aparılıb.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatı, qiymətləndirmə zamanı tətbiq edilən metodologiya, hesabatın “Biznesə daxilolma” indikatoru üzrə sorğu vərəqəsinə dair məlumat verib.
“Biznesə daxilolma” işçi qrupunun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva tədbir iştirakçılarını sorğu vərəqəsi üzrə yaranan məsələlər, ölkəmizdə biznesin qeydiyyatı sahəsində tətbiq olunan təcrübə və həyata keçirilən islahatlar barədə məlumatlandırıb.
İşçi qrupun üzvləri bu sahədə onlayn xidmətlərin mövcudluğu, qeydiyyat prosesində digər dövlət qurumları ilə inteqrasiya, yerli MMC-lərin, həmçinin xarici hüquqi və fiziki şəxslərin təsisçiliyi ilə bağlı məsələləri, “Biznesə daxilolma” sahəsində həyata keçirilən Yol Xəritəsinin icrası çərçivəsində görülən işlərin bu qiymətləndirmə prosesinə təsirlərini müzakirə ediblər. Ölkəmizin qiymətləndirmə prosesində obyektiv dəyərləndirilməsi üçün imkanlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Azercell Telekom” şirkətinin nümayəndəsi Sevinc Novruzova milli şirkətlər barədə ümumi data bazanın yaradılması, kontr-agentlərlə iş zamanı bu datadan istifadə imkanlarına baxılması təklifi ilə çıxış edib. İclasda, həmçinin sahibkarlıq assosiasiyaları ilə görüşlərin intensivləşdirilməsi zərurəti vurğulanıb.

Maliyyə 2023-08-03 17:52:00