×
A
A
A
Sazlamalar

Şirkətin adı dəyişdikdə hansı sənədlər tələb olunur?

Bakı, 3 avqust, AZƏRTAC

Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi üçün lazım olan sənədlər hansılardır?
Dövlət Vergi Xidmətindən AZƏRTAC–a bildirilib ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir.
Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-in, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.
Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur. Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.
Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə etmək mümkündür.

 

Maliyyə 2023-08-03 14:29:00