×
A
A
A
Sazlamalar

Tütün məhsulları infarkt riskini təxminən on dəfə artırır

Bakı, 2 avqust, AZƏRTAC
Siqaretdən asılılıq yaradan maddə onun tərkibindəki nikotindir. Nikotin ürək döyüntülərini artırır, arterial təzyiqi yüksəldir, qanı qatılaşdırır. Siqaret tüstüsündəki karbonominiksid qazı qanda oksigen qatılığını azaldır və toxumalara kifayət qədər oksigen çatdırılmasına mane olur. Bu səbəbdən siqaret çəkənlər fiziki aktivliklər zamanı siqaret çəkməyən şəxslərlə müqayisədə daha tez yorulurlar.
AZƏRTAC xəbər verir ki, tütün məhsullarından istifadə, onların orqanizmdə yaratdığı problemlər, asılılığın aradan qaldırılması metodları ilə bağlı araşdırma aparıb.

Digər narkotik maddələrlə müqayisədə bir dəfə istifadə olunan siqaret daha çox asılılıq yaradır

Mövzu ilə bağlı həkim-kardioloq Emin Allahverdiyev deyib: “Digər narkotik maddələrlə müqayisədə təsadüfən bir dəfə istifadə olunmuş siqaretin daha çox asılılıq yaratdığı aşkarlanıb. Hər tüstüdəki nikotin 7 saniyə ərzində beyinə çatır. Daha çox nikotin tələbatı, siqaret çəkənlərdə əl və ağız vərdişləri yaranır. Çəkilən siqaret sayı ilə əlaqədar həmin vərdişlər daha da arta bilər.
Son illər ərzində siqaretin təsiri nəticəsində milyonlarla insan həyatını itirib. Siqaret həm ürək-damar, həm tənəffüs sistemi xəstəlikləri üçün əsas risk faktoru sayılır. Miokard infarktının əsas səbəblərindən biri siqaret çəkməkdir. Ağciyər, tənəffüs yolu, həzm sistemi xərçənginin əsas risk faktorları sırasında da siqaretin adı çəkilir. Bəzən xəstələr bu zərərli vərdişdən tədricən qurtulmağa çalışır, lakin zaman uzandıqca onlar çəkməkdə davam edirlər. Ona görə də iradə göstərərək tütün məhsullarında bir dəfəlik xilas olmağa çalışmaq lazımdır”.

Qida qəbulu zamanı siqaret çəkmək həzmin pozulması ilə nəticələnir

Tütün məhsulları ürək-damar, tənəffüs sistemi, ağciyər, mədə-bağırsaq və digər vacib orqanları sıradan çıxarır. Bu pis vərdişin aludələri əsasən yeməkdən sonra siqaret çəkir.
Mütəxəssislər deyirlər ki, acqarına və yeməkdən sonra çəkilən siqaret orqanizmə daha çox ziyan vurur. Həkim-terapevt Nahid Məhərrəmov deyib: “Bəzən siqaret çəkənlər onu qida qəbulu zamanı, bəzən boş mədəyə qəbul edirlər, bəzən səhər yuxudan oyanan kimi çəkirlər. Qida qəbulu zamanı siqaret çəkmək həzmin pozulmasına gətirib çıxarır və bu, bağırsaqlarda vitaminlərin normal şəkildə sorulmasına, bəzən normadan çox arıqlamaqla nəticələnir, immunitet sisteminin zəifləməsinə səbəb olur, bəzən də qastrit yaradır”.
Onun sözlərinə görə, tütündən istifadə edənlərin əksəriyyəti yeməkdən sonra dörd-beş ədəd siqaret çəkirlər. Bu isə infarkt riskini təxminən on dəfə artırır.
“Qidalanma zamanı siqaret çəkmək də pis vərdişdir. Bunu orqanizm tələb etmir. İstənilən halda mədə-bağırsaq sistemində ciddi xəstəliklərə gətirib çıxarır. Gələcəkdə qida borusu və mədə xərçəngi, hətta həzm sisteminin ciddi şəkildə pozulmasına və ağır xəstəliklərin yaranmasına aparıb çıxarır”, - deyə mütəxəssis bildirib.

Ümumiyyətlə hər hansı bir asılılıq psixiatriyanın bir hissəsidir

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuceri isə bütün asılılıq növlərinin 3 əsas mərhələsi olduğunu vurğulayıb: “Əvvəlcə qəbul edilən maddəyə qarşı orqanizmdə tolerantlıq, bundan sonra isə fiziki və psixoloji asılılıq yaranır. Fiziki asılılıq zamanı ürəkdöyünmə, başgicəllənmə, sümüklərdə, oynaqlarda, bədəndə dözülməz ağrılar, qusma, diarreya və yaxud qəbizlik müşahidə edilir, xəstədə qan təzyiqi problemləri, yuxusuzluq yaranır. Daha sonra psixoloji asılılıq əmələ gəlir. Yəni alkoqoldan asılı olan insan səhər durub 50-100 qram içməsə, öz işini görə bilməz. Alkoqol ilk növbədə onun fiziki tələbatını ödəyir. İkincisi, beyində opiat reseptorları ilə ünsiyyətə girərək həyəcan, təşviş, qorxu hissini aradan qaldırır. Narkotik vasitələr, tütün məhsulları da bu cür təsir göstərir. Eyni zamanda, müxtəlif psixoaktiv maddələrin növündən asılı olaraq, əsas simptomlar da müddətinə, dərinliyinə və ağırlıq dərəcəsinə görə fərqlənir. İstər alkoqollu içkilərdən, istərsə də psixoaktiv maddələrdən epizodik istifadəni asılılıqdan ayırmaq lazımdır. Unutmamalıyıq ki, əksər hallarda hətta epizodik istifadə yavaş-yavaş xroniki xəstəliyə keçir. Bir müddətdən sonra istifadənin xəstəliyə keçməsi şəxsiyyətin invidiual psixoloji, fiziki, sosial durumundan, mühitindən, ətrafından, sosial mövqeyindən asılıdır. Psixostimulyatordan istifadə daha tez asılılıq yaradır. Ən tez asılılıq yaradan maddə isə tütündür. Ümumiyyətlə hər hansı bir asılılıq psixiatriyanın bir hissəsidir”.
Mütəxəssislərin fikrinə əsasən qeyd edək ki, qapalı məkanlarda çəkilən siqaret insana daha ağır təsir edir. Asılılıq yaradan maddədən uzaqlaşmaq çətin olsa da, mümkünsüz də deyil. Nikotindən asılı olan bir çox şəxslərdə siqaret çəkmədiyi müddətə yaşadığı xoşagəlməz hisslər müvəqqətidir və ən çətin müddət ilk iki-üç həftəsidir.

Səhiyyə 2023-08-02 14:21:00