×
A
A
A
Sazlamalar

Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət orqanlarında (qurumlarında) kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə qərara alıram:

1. Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (bundan sonra – altsistem) yaradılsın.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi altsistemin 2023-cü il sentyabrın 1-dək formalaşdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. idarələrarası elektron sənəd dövriyyəsi sistemi ilə bağlı təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. altsistemin, bu Fərmanın 6-cı hissəsinə əsasən yaradılacaq elektron sənəd dövriyyəsi sistemlərinin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tapşırılsın və Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatına, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatına, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinə, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparatına, Azərbaycan Kredit Bürosuna, İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, altsistem formalaşdırıldıqdan sonra elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etsinlər.
5. Mərkəzi icra hakimiyyəti orqanları 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etsinlər.
6. Elektron sənəd dövriyyəsi sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) altı ay müddətində elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması ilə bağlı tədbirlər görsünlər.
7. Dövlət orqanları (qurumları) bu Fərmanın 5-ci və 6-cı hissələrində nəzərdə tutulan tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla həyata keçirsinlər.
8. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
8.1. dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə qoşulması üçün onları mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;
8.2. dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy versin;
8.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə altsistemin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2023-08-01 14:08:00