×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılıb

Bakı, 1 avqust, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə həyata keçirilməsi, dayanıqlı şəraitin yaradılması, əhalinin öz doğma torpaqlarında tezliklə məskunlaşması və bu regionda yüksək həyat şəraitinin yaradılması dövlət siyasətində prioritet vəzifələrdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi Tərlan Əliyev deyib.
O bildirib ki, bu ərazilərdə biznes mühitinin inkişafı üçün sahibkarlara əlverişli şərait yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı inşaat sahəsinin, kənd təsərrüfatının, aqrar və toxuculuq sənayesinin, heyvandarlığın, ümumilikdə isə iqtisadiyyatın bütün sahələrinin dirçəlməsinə ciddi təkan verəcək. Belə ki, Ağdam rayonunda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Zəngilan, Qubadlı, Füzuli və Xocavənd rayonlarının isə əsasən kənd təsərrüfatının inkişafı nəzərdə tutulur.
T.Əliyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusən də Şərqi Zəngəzur iqtisadi rayonunda hazırda əhalinin məskunlaşdırılması işləri aparılır və kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlıq subyektləri üçün artıq lazımi şərait yaradılıb. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi biznesin inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün mühüm stimul olmaqla, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına da müsbət təsir edəcək. Analoji beynəlxalq hava limanı Laçın şəhərində də tikilir. Bu müasir və yüksək texnologiyalı hava limanları regionun sürətli inkişafına töhfə verəcək və təkcə turistlərin deyil, iş adamlarının da sözügedən regiona marağını artıracaq: “Artıq bu gün Şuşa şəhərinin dirçəldilməsi, infrastrukturunun inkişafı sayəsində “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş şəhərdə bütün lazımi şərait yaradılıb. Beləliklə də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası məqsədilə müasir texnika və yüksək səviyyəli texnologiyadan, xammal, enerji və innovativ layihələrdən daha səmərəli istifadə edilməsinə şərait yaradan sahibkarlıq subyektlərinin inkişafı bu ərazinin dayanıqlı iqtisadi və sosial inkişafına, aktiv məşğulluq səviyyəsinin yüksəlməsinə geniş imkanlar yaradacaq”.

Tikinti̇ 2023-08-01 12:06:00