Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar artıb
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) cari ilin 6 ayının yekunlarına dair statistik məlumatlarına əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında bir sıra göstəricilər üzrə davamlı artım müşahidə olunur.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndiyini, daşıyıcıların sayının, eləcə də Azərbaycan daşıyıcılarının bazar paylarının daha da artdığını göstərir.
Bazarın genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq avtomobil daşımaları bazarı 2022-ci ilin yanvar-iyun aylarında 135 min 70 ədəd olduğu halda, bu göstərici 2023-cü ilin müvafiq dövründə 153 min 872 ədəd təşkil edib ki, bu da 13.9 faizlik artım deməkdir.
Cari ilin 6 ayı ərzində Azərbaycanın beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 min 960 olub. 2021-ci ildə isə bu say təxminən 2400 təşkil edirdi.
Hesabat dövründə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8 faiz artıb. 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var.
Həmçinin 2023-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilən 3-cü ölkə daşımaları 2 dəfə artıb. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında 25 min 318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12 min 592 ədəd artıq olub.
Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 min 498 ədəd və ya 85.81 faiz artaraq 113 min 675 ədədə çatıb.
Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb