×
A
A
A
Sazlamalar

Bərdə-Yevlax dəmiryolu xəttində baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşub.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb. Qəza ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır. Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

08:52

İyulun 25-də saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Chevrolet Cruze" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib. Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
“ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq”, - deyə məlumatda bildirilib.

 

Hadisə 2023-07-25 09:05:00