×
A
A
A
Sazlamalar

Təşkilat sədri: Ekoloji problemlər sərhəd tanımır

Bakı, 24 iyul, AZƏRTAC

Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində nəinki Ermənistan və Azərbaycan, ümumiyyətlə region ciddi ekoloji təhdid altındadır. Bu, bir vətəndaş cəmiyyəti olaraq bizi çox narahat edir. Odur ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq BMT-yə növbəti müraciəti ünvanladıq. Bildirdik ki, Ermənistanın heç bir beynəlxalq normalar, ekoloji standartlar gözlənilmədən, heç bir şəffaflıq təmin edilmədən göstərdiyi fəaliyyət nəticəsində su hövzələrimizə və ətraf mühitə çox ciddi ziyan dəyir. Bu isə insan sağlamlığına ciddi təsir göstərir. Azərbaycanda fəaliyyət göstərən təşkilatlar bir neçə müddət bundan öncə Arazdəyəndə iri metallurgiya zavodunun tikintisinə başlanıldığı dövrdə bəyanat imzaladı. Onun ardınca Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitdə yaranan problemlərlə bağlı həmin ölkənin baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edildi. Müraciətlərə məhəl qoymayan Ermənistan öz fəaliyyətini davam etdirir. Biz düşünürük ki, BMT və beynəlxalq ictimaiyyət bizim səsimizə səs verəcək və Ermənistanda ətraf mühitə qarşı törədilən ekoloji terrorun dayandırılması üçün müəyyən addımlar atacaqlar.
Bunu AZƏRTAC-a müsahibəsində “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.
Onun sözlərinə görə, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində su hövzələri, hava çirklənir, biomüxtəliflik məhv olur. Bu da bütün bəşəriyyət üçün çox ciddi problemlər yaradacaq: “Ekoloji problemlər sərhəd tanımır. Hər hansı bir ölkənin daxilindəki ekoloji problem həmin sərhəddə dayanmır. Hava, su hövzələri vasitəsilə qonşu ölkələrə keçir.
Ermənistanda sənaye müəssisələrinin plansız, nəzarətsiz, beynəlxalq standartlara uyğun olmayan fəaliyyəti ekosistemə çox ciddi mənfi təsir göstərir. Həmin tullantılar Ermənistandan Həkəri, Oxçuçay vasitəsilə Araz çayına axıdılır. Araz çayının suyu isə Azərbaycanda suvarma məqsədilə istifadə edilir ki, bu da geniş təsərrüfatlara çox ciddi təsir edir. İçməli su təchizatlarına dəyən ziyan isə birbaşa insan sağlamlığına ciddi təhdid yaradır və yoluxucu xəstəliklərin, xərçəng xəstəliyinin yaranmasına zəmin yaradır. Bu isə ümumiyyətlə regionda ciddi ictimai böhrana səbəb ola bilər. Hazırda Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üçün çox böyük qrantlar alır. Vətəndaş cəmiyyəti olaraq Aİ-yə müraciət edərək bildirmək istəyirik ki, həmin qrantlarla həyata keçirilən layihələrdən ekoloji tarazlığın pozulmasına, canlı təbiətin məhv edilməsinə deyil, təyinatı üzrə istifadəni təmin etsinlər. Ermənistan BMT-nin bir sıra konvensiyalarına qoşulsa da, onların əsas prinsiplərinə heç bir məhəl qoymur və kobud şəkildə pozur”.
İctimai Birliyin sədri bildirib ki, müraciət edilən beynəlxalq təşkilatlar ekoloji problemlərin həllində mühüm rol oynayırlar. Qeyd olunub ki, BMT və digər ekoloji təşkilatlar Ermənistanın insan sağlamlığına, ətraf mühitə vurduğu ciddi ziyanla bağlı tərəfdaş ölkələr arasında dialoqu və anlaşmanı təmin edə biləcək təsisatlardır. Gürcüstan və Azərbaycan qeyri-hökumət təşkilatları da daxil olmaqla vətəndaş cəmiyyətlərinin nümayəndələrini cəlb edərək həmin problemlərin prinsipial həlli yolunda əhəmiyyətli addımlar atılmasına dəstək ola bilərlər.
“Biz beynəlxalq ekoloji təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud konvensiyalara əməl etməyə çağırsınlar və buna ciddi nəzarət etsinlər. Ermənistan həmin ekoloji cinayətləri törətməklə dayanıqlı inkişaf məqsədlərini ciddi şəkildə pozur. BMT və digər qurumları, regional təşkilatları Ermənistana ətraf mühitə qarşı ekosidi dayandırmağa çağırış etməyə səsləyir, regionu ekoloji təhdiddən qorumaq üçüm ciddi addımlar atmağa dəvət edirik”, - deyə Q.Yusubova bildirib.

Ekologiya 2023-07-24 18:48:00