×
A
A
A
Sazlamalar

“Azerbaijan International Mining Company” Söyüdlüdəki vəziyyətlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırır

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı olan “Azerbaijan International Mining Company’ (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırır.
Bu barədə AZƏRTAC-a AIMC-nin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 11-də keçirilən müşavirədə səsləndirdiyi iradlarla əlaqədar AIMC məsələnin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə yaxından əməkdaşlıq edir. Şirkət Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətlə bağlı hərtərəfli araşdırmanın aparılması üçün bütün maraqlı tərəflərlə, o cümlədən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun tapşırığı ilə yaradılmış Komissiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
İyulun 18-də Komissiya Gədəbəy rayonunda Söyüdlü kəndinin sakinlərinə indiyədək görülmüş işlər və gələcək qiymətləndirmə planları barədə məlumat vermək üçün iclas keçirib. Bundan sonra AIMC rəhbərliyi və əməkdaşlarının iştirakı ilə kənd sakinləri ilə Komissiyanın ilkin nəticələrinin qiymətləndirilməsi üçün ayrıca görüş təşkil olunub.
Bundan əlavə, Azərbaycan Prezidentinin və ETSN-in göstərişi əsasında Komissiya müvafiq araşdırma və sonrakı qiymətləndirmə prosesində ekspertizasından və dəstəyindən istifadə etmək üçün geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən “Micon International” (Micon) şirkətini ərazidə monitorinq keçirməsi üçün cəlb edib. Avqustun 1-də başlayacaq araşdırmaya qədər mədəndə əməliyyatlar davam edəcək. Bu tarixdən sonra isə altı həftə ərzində planlaşdırılan monitorinqin nəticələrinə qədər müəssisənin fəaliyyəti dayandırılacaq.
Həmin tədbirlərlə əlaqədar AIMC, həmçinin tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti “Knight Piesold” ilə ETSN-in sorğusuna uyğun olaraq tullantıların idarəedilməsi məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlayıb.

Ekologiya 2023-07-24 17:51:00