×
A
A
A
Sazlamalar

COP28-in prezidenti bütün ölkələri BMT-nin qlobal soyutma təşəbbüsünə qoşulmağa çağırıb

Bakı, 24 iyul, AZƏRTAC

COP28 iqlim sammitinin prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl Cabir Hindistanda keçirilən 14-cü Təmiz Enerji Nazirləri iclasındakı çıxışında bütün ölkələri Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) ötən ilin əvvəlində elan etdiyi qlobal soyutma təşəbbüsünə qoşulmağa çağırıb.
AZƏRTAC “Emirates” informasiyada agentliyinə istinadla xəbər verir ki, Əl Cabir danimarkalı nazir Dan Yergensen və Hindistanın elm və texnologiya naziri Jitendra Sinqhə bu sahədə liderliyə görə təşəkkürünü bildirib, digər ölkələri də birləşməyə və bu təşəbbüsə qoşulmağa çağırıb.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Hamı üçün Davamlı Enerji (SEforAll) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən Qlobal Soyutma Təşəbbüsü xüsusən planetin cənubunda, kiçik ada dövlətlərində və ən az inkişaf etmiş ölkələrdə çox həssas icmaları həddindən artıq istidən qorumaq, qidaları təzə və peyvəndləri təhlükəsiz saxlamaq üçün soyutmanı genişləndirmək məqsədi daşıyır. İyulun əvvəlində COP28 prezidentinin bu sahədə dörd fəsildən ibarət olan planı açıqlanıb. Bu sənədə enerji keçidinin sürətlənməsi, iqlimin maliyyələşdirilməsinin tənzimlənməsi, diqqətin insanlara, həyat tərzlərinə və dolanışıq vasitələrinə yönəldilməsi məqsədləri daxil edilib.
Təşəbbüs hökumətlərə və bütün maraqlı tərəflərə beş sahədə davamlı soyutma üzərində hərəkət etmək üçün stimullar təqdim edir: təbiətə əsaslanan həllər, super səmərəli cihazlar, qida və peyvənd soyuq zəncirləri, regional və milli soyutma üzrə Fəaliyyət Planları. Əl Cabir çıxışında bununla bağlı deyib: “Biz sadə fəaliyyətlə soyutmanı genişləndirə bilmərik. Güclü siyasət tədbirləri olmadan, sektordan emissiyalar 7-10 faiz artacaq. Bu dilemmanı həll etmək üçün enerjiyə qənaətcil və iqlimə uyğun soyutmaya sürətli keçid lazımdır”. O, soyutma dilemmasının enerji keçidinə xələl gətirmədən həll ediləcəyini vurğulayıb.
Əl Cabir iqlim sahəsinə ədalətli yanaşma məsələsinin əhəmiyyətini vurğulayaraq deyib: “Qida və dərman təhlükəsizliyi də qlobal soyutma probleminin həllindən asılıdır. Bu, iqlimin yumşaldılması və uyğunlaşması üzrə böyük əhəmiyyət kəsb edən bir mövzudur. Soyutma həm də iqlim ədaləti məsələsidir, belə ki, istilik aşağı gəlirli icmalara və ailələrə qeyri-mütənasib şəkildə təsir edir. İstiləşən dünyada davamlı soyutma istixana qazı emissiyalarının azaldılması, istilik stresindən qorunmaq, məhsuldarlığı təmin etmək, qida itkisini azaltmaq və səhiyyə xidmətlərinə çıxışı artırmaq üçün vacibdir”.
COP 28 prezidenti sonda deyib: “Bizim Qlobal Soyutma Təşəbbüsü vasitəsilə iqlim probleminə əhəmiyyətli, kollektiv cavab vermək üçün unikal imkanımız var. Bu təşəbbüs enerji səmərəliliyini artırmaq və davamlı soyutmaya çıxışı sürətləndirmək məqsədi daşıyır. Artıq, Hindistan və Danimarka da daxil olmaqla, 20-dən çox ölkə bu təşəbbüsü həyata keçirir. Lakin görüləsi işlər daha çoxdur. Mən bütün ölkələri COP28-ə qədər Qlobal Soyutma Təşəbbüsünə qoşulmağa çağırıram”.

 

Ekologiya 2023-07-24 11:39:00