×
A
A
A
Sazlamalar

Qaxda indiyədək 274 hektar sahədə təkrar qarğıdalı əkilib

Qax, 19 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Qax rayonunda taxıl biçini başa çatmış ərazilərdə 300 hektar sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Bu günədək rayonun Tasmalı, Qorağan, Qum və Əlibəyli kəndlərinin ərazilərində 274 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 100 manat subsidiya ödəniləcək.
Mütəxəssislər hesab edirlər ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mal-qaranın yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Baş məsləhətçi bildirib ki, ötən il Qax rayonunun təsərrüfatlarında 417 hektarı yaşıl yem, 310 hektarı dən üçün olmaqla, 727 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Torpaq mülkiyyətçiləri təkrar qarğıdalı əkinlərindən 9591 ton yaşıl yem və 1338 ton dənlik məhsul əldə ediblər.

Kənd təsərrüfatı 2023-07-19 11:52:00