×
A
A
A
Sazlamalar

Şəkili fermerlər indiyədək min tondan çox quru tütün istehsal ediblər

Şəki, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 1467 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 1019 hektar sahədə “Virciniya botaniki”, 448 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 217 hektar artıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. İndiyədək sahələrdən 10 min tondan çox yaş tütün yarpağı dərilib. Emal məntəqələrində yaş kütlədən 1004,6 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Bildirilib ki, hazırda rayonda 500-dək fermer tütünçülüklə məşğul olur. Bu təsərrüfatlarda 1500 nəfərdən çox kənd sakininin məşğulluğu təmin olunub. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 274 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1250 hektar sahədən 3602,5 ton quru tütün əldə ediblər.

 

Kənd təsərrüfatı 2023-07-18 03:47:00