Ekoloq: Sionid zəhərli maddə olduğuna görə əhalinin sağlamlığını risk altında qoyur
Bakı, 14 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin həyatının ayrı-ayrı sahələrində görülən işlərə, qarşıda duran problemlərə toxunulub. Ekoloji problemlər də həmin müşavirədə ciddi müzakirə mövzularından biri olub.
Ermənistanın işğalı altında olan ərazilərdə təbii resursların qanunazidd istismarı barədə danışan Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Espo Konvensiyasına uyğun olaraq Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı, Qafandakı dağ-mədən kombinatı tikilərkən aparılan işlər Azərbaycanla razılaşdırılmalı idi, çünki həmin müəssisələrin fəaliyyəti nəticəsində transsərhəd çaylarda çirklənmə yaranır və istehsalat tullantıları bir ölkənin ərazisindən digərinə keçir. Təbii ki, bu, əhalinin sağlamlığına və ekosistemlərə neqativ təsir göstərir. Bütün bunların nəticəsində həmin ölkədə yerli əhali və ətraf mühit zərər çəkir. Əslində həmin metallurgiya kombinatları tikilərkən onların ətraf mühitə təsiri, transsərhəd qiymətləndirilməsi sənədi hazırlanmalı, bundan sonra müvafiq qaydada Azərbaycan tərəfinə müraciət edilməli və Azərbaycanın rəyindən sonra addım atılmalı idi.
1997-ci ildə Ermənistan Espo Konvensiyasına qoşulsa da, transsərhəd ərazidə tullantıların ərazini çirkləndirməməsi üçün heç bir addım atılmayıb, Amerika və Almaniyanın müxtəlif şirkətləri həmin ərazidə işləsələr də, ətraf mühitin qiymətləndirilməsi ilə əlaqədar Azərbaycana heç bir məlumat verilməyib. Ölkəmizin ərazisinin işğal altında olduğu dövrdə Ermənistan tərəfi Zəngilan rayonundan keçən Oxçuçaya metallurgiya kombinatlarında xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantılarını ölkəmizə gələn çaylara axıdıb. İndi ölkəmiz həmin qanunazidd fəaliyyətlərin dayandırılması üçün beynəlxalq məhkəməyə müraciət edə bilər”.
O, mövzunu davam etdirərək deyib: “Dağ-mədən sənayesi istehsalı zamanı sionid müxtəlif texnoloji yollarla qarışdırılır, qızılı süxurdan ayıraraq yuyur, sonra qızıl qatqılardan ayrılır, sionid isə tullantı kimi qalaraq vannalara yerləşdirilir. Lakin zəhərli olduğuna görə o çox təhlükəlidir, istənilən bir hadisə - zəlzələ, yer tərpənməsi və s. nəticəsində həmin maddə təhlükə mənbəyinə çevrilə bilər. Məsələn, Qafan və Qacaran şəhərlərindəki həmin vannalar çox təhlükəlidir. Həm Ermənistan, həm də ətrafdakı digər yaşayış məntəqələri, eləcə də respublikamız üçün təhlükə yaradır. Baş verə bilən hər hansı hadisə nəticəsində onun ətrafındakı bəndlər uça bilər və ölkəmizin başı üzərini böyük bir təhlükə ala bilər. Ona görə də bu, çox ciddi məsələdir və risklərin qiymətləndirilməsində Ermənistan mütəxəssisləri ilə yanaşı, ölkəmizdən olan mütəxəssisləri də iştirak etməlidir”.
Departament müdiri Azərbaycanla sərhəddə - Arazdəyəndə Ermənistanın tikdiyi metallurgiya zavodu haqqında deyib: “Ona kəskin reaksiya verilməsi çox müsbət bir haldır, çünki Espo Konvensiyasının tələbləri ciddi şəkildə pozulur. Hesab etmək olar ki, bu dəfə verilən reaksiyadan Ermənistan tərəfi lazımi nəticə çıxaracaq. Əgər nəticə çıxarılmasa, beynəlxalq məhkəməyə verilməli və məhkəmənin qərarı əsasında həmin zavodun fəaliyyəti dayandırılmalıdır”.
Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisəyə münasibət bildirən Rövşən Abbasov deyib: “İstehsalçı şirkət çox böyük bir səhvə yol verib. Onlar fəaliyyətə başlamazdan əvvəl mütəxəssislərlə birgə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini hazırlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediblər və ekoloji normativlərə əməl olunacağına söz veriblər. Sənəd təsdiq olunandan müəyyən müddət sonra şirkət onun tələblərinə əməl etməyib. İstehsal sahəsində sionid vannası tamamilə dolandan sonra ikinci sionid vannasını yaratmağa başlayıb. Sionid zəhərli maddə olduğundan əhalini sağlamlıq riski altında qoyur. Ona görə də istismarçı şirkət torpaqdan istifadə sənədi hazırlamalı idi. Həmin sənəddə örüş, otlaq sahələri aydın göstərilməli, əkin və bostan yerləri öz əksini tapmalı idi. Sionid vannası olan ərazi isə hasarlanıb qorunmalı və icmanın nəzarəti altında olmalı idi. Dağ-mədən sənayesi ilə məşğul olan istismarçı şirkətlər icma ilə əlaqələri gücləndirməli, məktəb, sosial obyektlər inşa etməli, yol çəkməli, müxtəlif sosial layihələr həyata keçirməlidirlər. Kənd sakinləri həmin istehsalat sahəsində işə cəlb edilməli, müxtəlif sosial proqramlar həyata keçirilməli idi. Təəssüf ki, şirkət bu məsələlərə nəinki əməl etməyib, heç onu yada da salmayıb. Ona görə də müşavirədə dövlət başçısı çox haqlı olaraq dedi: “Burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq”.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb