×
A
A
A
Sazlamalar

Ekspert: Regional inkişaf ölkə iqtisadiyyatında mühüm faktordur

Bakı, 13 iyul, AZƏRTAC
Ölkənin iqtisadi-siyasi inkişafında mühüm rol oynayan regional iqtisadiyyat özlüyündə milli iqtisadiyyatın müəyyən bölgə daxilində fəaliyyət göstərən tərkib hissəsi kimi qəbul edilir. Bu kontekstdə regional iqtisadiyyat dedikdə, mülkiyyət və idarə tabeliyindən asılı olmayaraq, bir-biri ilə əlaqəli müəssisələrin, məişət təşkilatlarının, habelə onlara müvafiq infrastrukturun daxil olduğu konstitusiya ilə təsbit edilmiş ərazi-iqtisadi kompleks başa düşülür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, ekspert Yeganə Hacıyeva deyib.
Ekspert bildirib ki, regional inkişaf özlüyündə ərazilərin tarazlı sosial-iqtisadi inkişafı, təsərrüfat subyektlərinin fəaliyyəti məqsədilə əlverişli ilkin şərtlərin yaradılması, habelə müvafiq sosial-iqtisadi inkişafı təmin etmək üçün tədbirlər sisteminin milli miqyasda işlənib hazırlanması və həyata keçirilməsini ehtiva edir: “Ölkədə iqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlib”.
Y.Hacıyeva qeyd edib ki, bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb.
Ekspert, həmçinin nəzərə çatdırıb ki, regionlarda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin də inkişafına əhəmiyyətli təkan verəcək. Artıq işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionların ölkənin ən abad guşələrindən birinə çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Tikinti̇ 2023-07-13 15:35:00