Qeyri-sabit hava şəraiti Ceyrançöldəki qoyunçuluq təsərrüfatlarına mənfi təsir edib FOTO - VİDEO
Ağstafa, 13 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Qərb bölgəsinin kənd təsərrüfatında heyvandarlıq mühüm yer tutur. Ağstafanın Ceyrançöl massivində bu yaz havaların qeyri-sabit keçməsi, yağıntının iqlim normasından artıq düşməsi heyvandarlıq təsərrüfatlarına da təsir edib. Yazda kifayət qədər qidalana bilməyən heyvanlarda müəyyən xəstəliklərlə yanaşı, inkişafdan qalma əlamətləri də müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, Ceyrançölün ucsuz-bucaqsız min hektarlarla sahələrində onlarla heyvandarlıq təsərrüfatı mövcuddur. Yaz sonlarında bəzi qoyunçuluq təsərrüfatları heyvanları dağa, yaylaqlara aparsa da, bəzi təsərrüfat sahibləri elə burada qalmağı üstün tutub. Lakin qışdan çıxan təsərrüfatlarda yaz ayları özü ilə bir sıra problemlər də gətirib.
Ceyrançöldəki təsərrüfatda çoban işləyən Elxan Əliyev deyir ki, 14 yaşından bu işlə məşğuldur. Builki kimi əlverişsiz və qeyri-sabit keçən mövsümlə rastlaşmayıb. Bildirir ki, bu mövsüm onun çobanlıq etdiyi təsərrüfatda demək olar, əksər işlər ləngiyib. O, yun qırxımının gecikməsini, yaz otunun istənilən səviyyədə olmamasını, heyvanlarda bəzi xəstəliklərin müşahidə edilməsini havaların yağıntılı, qeyri-sabit keçməsi ilə əlaqələndirir. “Yağışların təsiri nəticəsində qoyunlarda bəzi xəstəliklər oldu. Yaz otu qurumuşdu, yağış yuyub apardı. Qoyunlar heç nə tapa bilmədi. Heyvanlar 10-12 gün ac qaldı. Min baş qoyundan təxminən 30-u tələf oldu”, - deyə təsərrüfatın çobanı Elxan Əliyev qarşılaşdığı problemlərdən danışır.
Təsərrüfatlarda fermerlər qoyunların yununu da sata bilmirlər. Bunun səbəbi isə bölgədə yun istehsalı müəssisələrinin olmamasıdır.
Qoyunçuluq təsərrüfatı sahibləri hava şəraitinin hər il yazda həyata keçirilən qoyun satışına da mənfi təsir etdiyini söyləyirlər. “Yazda yağışlar oldu deyə, heyvanlarda kökəlmə getmədi. Elə quzular vardı ki, 150 manatdan satdıq, halbuki, kökəlsəydi, 250 manata sata bilərdik. Bu da yazın əvvəllərində düşən quraqlıqdan, sonra isə yağışların təsirindən oldu. Yağışlar qoyunlarda kökəlmə prosesinə təsir etdi. Bundan sonra sadəcə qışa hazırlıqlarımızı görməliyik. Yem tədarükümüzü təşkil etməli, otumuzu almalıyıq”, - deyə fermer İsgəndər Nəsibov əlavə edib.
Ceyrançöldə fermerlər bundan sonra havanın normal keçəcəyinə və bunun da yem tədarükünə müsbət təsir edəcəyinə ümid bəsləyirlər. Qarşıdakı günlərdə sahələrdə ot qalxarsa, qoyunların da yaxşı yem bazası olacaq. Çünki qoyunlar havalar soyuyana qədər, yəni payızın sonlarınadək Ceyrançölün bu geniş otlaq sahələrində otlayırlar.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb