×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı naziri Bərdə və Ağcabədidə təsərrüfatlara baş çəkib

Bakı, 12 iyul, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bərdə və Ağcabədi rayonlarında təsərrüfatlara baş çəkib, yerli qurumların kollektivləri və fermerlərlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir öncə Bərdə baramaqurutma müəssisəsinin fəaliyyəti ilə tanış olub, ilk dəfə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində hibrid ipəkqurdu toxumlarının inkubasiyası, yaş barama istehsalı və tədarükü prosesinin təşkili ilə maraqlanıb. Məlumat verilib ki, bu il pilot layihə olaraq Bərdə və digər 6 rayon üzrə yaş barama tədarükünə özəl sektor cəlb olunub. İpəkqurdu toxumları yaş barama tədarük edəcək kümçülərin təsərrüfatlarında inkubasiya olunub, yem tədarükü, yaş baramanın təhvili, məhsulun qurudulması və saxlanılması prosesi xarici təcrübə əsasında təşkil edilib. Yaxın zamanlarda müəssisədə xammalın ilkin emalı prosesinə start veriləcək. Pilot layihənin nəticələri müzakirə olunduqdan sonra növbəti mövsümlərdə bu təcrübədən digər rayonlarda da istifadə olunması nəzərdə tutulur.
Nazir Bərdə Peşə Liseyində keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib, müxtəlif stendlərdə nümayiş olunan aqrar texnologiyalarla tanış olub, aqrar fəaliyyətdə tətbiq olunan texnologiyaların təsərrüfatda təcrübi tətbiqi ilə bağlı fermerlərlə fikir mübadiləsi aparıb.
Kənd təsərrüfatı naziri səfər çərçivəsində Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, Regional Toxum Sertifikatlaşma Mərkəzinin, Regional Aqrokimya Laboratoriyasının fəaliyyəti ilə tanış olub.
Daha sonra Ağcabədi rayonuna səfər edən Məcnun Məmmədov Qarabağ Atçılıq Kompleksinə, Ağcabədi Toxum Emalı Zavoduna baş çəkib. Qarabağ Atçılıq Kompleksində damazlıq-seleksiya işlərinin təşkili, atların saxlanma şəraiti və yem tədarükü prosesi ilə tanış olan nazir öz tapşırıq və tövsiyələrini verib. Nazir, həmçinin Ağcabədi Toxum Emalı Zavodunda toxumluq materialın qəbulu, çeşidlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə maraqlanıb.
Kənd təsərrüfatı naziri Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə də baş çəkib, kollektivlə görüşüb, rayon üzrə yaş barama tədarükü, taxıl biçininin gedişi, yazlıq əkinlər, heyvandarlıq müəssisələrinin fəaliyyəti, payızlıq əkinlərin bəyanı prosesinə hazırlıq işləri barədə fikir mübadiləsi aparıb.

Kənd təsərrüfatı 2023-07-12 17:05:00