×
A
A
A
Sazlamalar

Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçid əhalinin innovasiyalardan istifadə etmək imkanlarını genişləndirəcək - Memar

Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçid mərhələli şəkildə təmin olunur. Ölkəmizdə dayanıqlı “yaşıl iqtisadiyyat”ın və bərpa oluna bilən enerji mənbələrinin inkişafı üçün əlverişli şərait mövcuddur. Hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində kompleks tədbirlərə başlanılıb. Bu tədbirlər sırasına bərpaolunan enerji mənbələrindən istifadə, əhali arasında “yaşıl” məşğulluğun təmini və digərləri daxildir.
Bu barədə AZƏRTAC-a açıqlamasında memar Fəzail Bayramov deyib.
Memar bildirib ki, respublikamızda ilk dəfə tətbiq edilən "Ağıllı kənd" layihəsi 2021-ci ildə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. “Ağıllı kəndlər” konsepsiyası yerli əhalinin müasir texnologiya və innovasiyalardan istifadə etmək imkanlarını təkmilləşdirmək məqsədi daşıyır.
Onun sözlərinə görə, Ağalı “Ağıllı kənd” layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülüb və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilib. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilib: “Kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət su elektrik stansiyası inşaat edilib. İsidilmə xərclərinin və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, suyun isidilməsi üçün isə yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb”.
F.Bayramov bildirib ki, “ağıllı kənd”də evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə olunub. Eləcə də əhalinin sosial rifahının yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilib.
Qeyd olunub ki, “Ağıllı kənd” layihəsinin tətbiq edilməsi kənd yerlərinə yatırılan investisiyanın miqdarını çoxaldacaq, texnoloji yeniliklərin köməyilə məhsuldarlıq artacaq.

Tikinti̇ 2023-07-12 12:38:00