×
A
A
A
Sazlamalar

Ümumdünya Memarları Konqresində müasir memarlıq yaradıcılığının problemləri müzakirə olunub

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Memarlar İttifaqının nümayəndə heyəti Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Memarlar İttifaqının təşəbbüsü ilə keçirilən Ümumdünya Memarları Konqresində və Baş Assambleyanın iclasında iştirak edib. Nümayəndə Heyətinə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə rəhbərlik edib.
Bu barədə AZƏRTAC-a Memarlar İttifaqından bildirilib.
Məlumata əsasən, konqresdə və Baş Assambleyada müasir memarlıq yaradıcılığının problemləri və inkişaf yolları, tarixi memarlıq irsinin qorunması kimi məsələlər müzakirə olunub.
Yekunda Baş Assambleya dünyanın bütün ölkələrinin rəhbərlərinə memarlığa diqqətlə yanaşmanı, insanların yaşayış mühitinin yaxşılaşdırılmasını və yer üzündə sülhün bərqərar olmasını tövsiyə edib.
Növbəti Konqres və Baş Assambleyanın iclası 2026-cı ildə İspaniyanın Barselona şəhərində keçiriləcək.
Qeyd olunub ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Memarlar İttifaqının 1-ci katibi, professor Gülçöhrə Məmmədova, katiblər Xəlil Cəfərov və Şeyda Novruzzadə, katibliyin üzvü Nazim Vəliyev, İdarə Heyətinin üzvü İnarə Əzimzadə, Gənc memarlar və tələbələr Klubunun prezidenti Elin Bəylərov və başqaları iştirak ediblər. Ənənəyə sadiq olaraq, nümayəndə heyətinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri daxil olublar.

 

 

Tikinti̇ 2023-07-11 14:46:00