×
A
A
A
Sazlamalar

Memar: İnşaat proseslərinin idarə edilməsində yeni texnologiyaların rolu böyükdür

Bakı, 6 iyul, AZƏRTAC

İnşaat proseslərinin idarə edilməsində yeni texnologiyaların rolu hər bir ölkənin iqtisadiyyatında mühüm əhəmiyyətə malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında memar Fəzail Bayramov bildirib.
Memar qeyd edib ki, inşaat sektorunun iqtisadiyyatın strukturunda rolu bir çox hallarda ölkənin inkişaf mərhələləri ilə bağlıdır. İnşaat sektorunun ölkə həyatının müxtəlif sahələrinə təkan verməsi baxımından, yaşayış obyektlərinin tikintisinə investisiyalar iqtisadiyyatda daha böyük hərəkətverici qüvvəyə malikdir.
F.Bayramov vurğulayıb ki, dünya inşaat sektorunun əsas hərəkətverici qüvvələrindən biri də yeni informasiya texnologiyalarının aktiv tətbiqidir: “Bu texnologiyalar binaları 3D formatında çap etməyə, göydələnləri konstruktor kimi qurmağa imkan verir. İnnovasiyalar isə nəinki şəhərlərin görünüşünü dəyişməklə yanaşı, həm də milyardlarla dollar vəsaiti qənaət etməyə imkan verir. İnşaat sektoru həm də yeni iş yerləri, o cümlədən infrastruktur yaradır”.
O bildirib ki, müasir dövrdə beynəlxalq aləmdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycana da öz ciddi təsirini göstərir.
İnkişaf prosesləri arasında əsas təsir amili kimi, elmi texniki tərəqqi və innovasiya amilləri xüsusi əhəmiyyət kəsb edir. İnşaat sahəsində informasiya texnologiyalarının tətbiqi yeni binaların, şəhərcik komplekslərinin tikintisini insan əməyi olmadan mümkün edir. Bu həm də gələcək şəhərlərin tikintisində smart texnologiyaların tətbiqinə daha çox üstünlük veriləcək. Nəticə etibarı ilə həm memarlar, həm də inşaatçılar qabaqcıl texnologiyalardan yararlanmaqla öz işlərini mükəmməl şəkildə quracaqlar.
Memar, həmçinin diqqətə çatdırıb ki, artıq bu gün Azərbaycanın inşaat sektorunda yeni texnologiyaların tətbiqi baxımından vəziyyət qənaətbəxşdir. Təqdirəlayiq haldır ki, işini yüksək texnologiyalar əsasında qurmuş şirkətlərin sayı artmaqda davam edir. Şirkətlər tərəfindən yeni idarəetmə texnologiyalarından istifadə olunmasına kifayət qədər əhəmiyyət verilir.

Tikinti̇ 2023-07-06 18:02:00