Ekspert: Bu gün dövlətimizin əsas prioritet istiqaməti Qarabağın yenidən dirçəldilməsidir
Bakı, 4 iyul, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan dövləti bu gün çox mühüm layihələr həyata keçirir. Dövlətimizin prioritet iqtisadi hədəflərindən biri işğaldan azad edilmiş bölgələrdə həyatın yenidən canlanmasına yönəlib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov deyib.
Ekspert qeyd edib ki, dövlətimiz həmin ərazilərdə həyatın yenidən canlanması üçün bütün imkanlarını ortaya qoyub. Azərbaycan öz imkanları hesabına xaricdən heç bir yardım almadan dağıdılmış, məhv edilmiş bölgələrdə bir cənnət qurmağı qarşısına məqsəd qoyub ki, bu da bir çox dövlətlər üçün bir örnək xarakteri daşıyır: “Bu gün dövlətimizin əsas prioritet istiqaməti Qarabağın yenidən dirçəldilməsi, ərazinin minalardan təmizlənməsi və öz torpaqlarına qayıdan məcburi köçkünlərimizin sosial rifahının təmin edilməsinə yönəlib. Eyni zamanda, dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilər vacib kommunikasiya mərkəzlərindən biri olacaq. Bu baxımdan, Azərbaycanın bu sahədə prioritet sahələrinin müəyyənləşdirilməsi ölkəmizin Qarabağla bağlı nümayiş etdirdiyi iradə və mövqe dünya dövlətləri tərəfindən də təqdir edilir”.
T.İsmayılov həmçinin vurğulayıb ki, Qarabağ xarici investorların əsas məkanlarından birinə çevriləcək və Zəngəzur dəhlizi reallaşdırıldıqdan sonra bu bölgənin siyasi və iqtisadi əhəmiyyəti xeyli artmış olacaq.
Qeyd olunub ki, ümumilikdə azad edilmiş ərazilərin zəngin təbii sərvətləri, aqrar və turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Sözügedən ərazilərin bərpasında iştirak etmək istəyənlər arasında Türkiyə, ABŞ, İsrail, Rusiya, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Çin və digər ölkələrdən olan iş adamları üstünlük təşkil edir. Ölkəmizdə xarici sərmayələrin qorunması üçün də mükəmməl qanunvericilik bazası yaradılıb. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib. Bütün bunlar həmin ərazilərin bərpasında çalışacaq sahibkarlara dövlət dəstəyinin bariz nümunəsidir.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb