×
A
A
A
Sazlamalar

Bayram günlərində paytaxt yollarında təmir işləri aparılıb VİDEO

Bakı, 3 iyul, AZƏRTAC

Qurban bayramı ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri icra olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir işləri iyunun 26-dan iyulun 2-dək müddətdə gücləndirilmiş iş rejimində aparılaraq yekunlaşdırılıb.
Təmir işləri paytaxtın Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə), Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan və Binəqədi rayonu, Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinə qədər olan hissələr üzrə) aparılıb.
Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.

Tikinti̇ 2023-07-03 17:28:00

Video