Çiyələk meyvəsində infeksion mənşəli çirklənmə ehtimalı çox olur
Bakı, 3 iyul, AZƏRTAC
Çiyələk ürək-damar sistemi üçün çox faydalıdır, onun qoxusu və dadı əhvalı yaxşılaşdırır, stresi azaldır və gümrahlıq yaradır. Lakin bu faydalı meyvə həm də ən təhlükəli qidalardan sayılır.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt İsmayıl Əfəndiyev deyib: “Çiyələk torpaqda yetişdiyindən infeksion mənşəli çirklənmə ehtimalı çox olur. Çiyələk şirin olduğundan onun tərkibində mikrobların inkişaf etmək ehtimalı da yüksəkdir. Ona görə də xarab olmuş çiyələyi heç vaxt yemək olmaz. Həddindən çox günəş şüaları altında qalan çiyələyi almaq olmaz və onu su ilə təmiz yuyandan sonra qidalanmaq olar”.
Mütəxəssislər bildirirlər ki, bu meyvənin yetişdirilməsi zamanı pestisidlərdən, nitrat tərkibli gübrələrdən çox istifadə olunur və bu da insan orqanizminə təsirsiz ötüşmür. Çiyələk həm də allergik reaksiyası verən meyvədir. Onu qəbul edəndən sonra dəridə səpgi və qaşınma kimi hallar baş verirsə, bu, allergiyanın göstəricisidir.
Zəhərlənmənin əlamətləri barədə danışan həkim-terapevt deyib: “Qızdırmanın qalxması, ürəkbulanma, qusma, ishal və digər əlamətlər olan kimi onun öz-özünə keçməsini gözləmək lazım deyil. Xüsusilə uşaqlarda həmin əlamətlər təhlükəli vəziyyət yarada bilər. Belə hallar baş verən kimi həkimə müraciət etmək lazımdır”.
Çiyələk çox tez xarab olur və bu zaman onu dərhal atmaq lazımdır, çünki belə çiyələyin istehlakı ağır zəhərlənməyə səbəb ola bilər. Meyvə seçərkən yerli məhsullara üstünlük vermək və onunla mövsümündə qidalanmaq lazımdır.
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
Səudiyyəli həkimlər beyinə çip yerləşdirilməsi üzrə robotlaşdırılmış əməliyyat həyata keçiriblər
Qodji ən qiymətli dərman bitkilərindən biridir