×
A
A
A
Sazlamalar

Prokurorluq və DİN: İki ay əvvəl törədilmiş ağır cinayətin üstü açılıb

Bakı, 26 iyun, AZƏRTAC

Xaçmaz rayonunun Yalama kəndi ərazisində cari ilin aprel ayında törədilən və bağlı qalmış qəsdən adamöldürmə cinayətinin üstü prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində açılıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin AZƏRTAC-a daxil olmuş birgə məlumatında bildirilib ki, aprelin 9-da saat 23 radələrində kənd sakinləri 1963-cü il təvəllüdlü Aslan Tarverdiyevin və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkarlanması ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib. Tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, çoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətlər aparılıb.
İstintaqla 1996-cı il təvəllüdlü Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməsi, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırması və bundan sonra hadisə yerini tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramin Ağaxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Hadisə 2023-06-26 17:30:00