SOCAR 2022-ci ili yüksək göstəricilərlə başa vurub
Bakı, 25 iyun, AZƏRTAC
Qlobal iqtisadi aktivliyin zəifləməsinə və qlobal inflyasiya təzyiqinə baxmayaraq, SOCAR 2022-ci ili yüksək nəticələrlə başa vurmağa nail olub. Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, maliyyə resurslarının daha rentabelli idarə edilməsi, innovativ və beynəlxalq təcrübələrin tətbiqi, habelə həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri xüsusi yer tutub.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən AZƏRTAC-a bildiriblər ki, şirkətin ümumi dövriyyəsi əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 53,8% artaraq 119,23 milyard manata yüksəlib. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Bu xüsusda, SOCAR gəlir marjasını 11,4%-dən 12,3%-ə, xalis mənfəətini isə 346% artıraraq 2022-ci ili 9,42 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib və müvafiq olaraq, 60,6% və 25,9% artıb. Ən böyük artım isə 151% ilə təbii qazın satışında qeydə alınıb.
Qlobal enerji bazarlarında müşahidə edilən kəskin rəqabət mühitinə və neft-kimya sənayesində gəlir marjalarının azalmasına baxmayaraq, Petkim və STAR Neft Emalı Zavodunun (NEZ) inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə STAR NEZ-də istehsal potensialından istifadə əmsalı 113%-ə yüksəlib, Petkimin ümumi dövriyyəsi isə 70,3% artıb. Bununla yanaşı, “SOCAR Karbamid” zavodunun ümumi istehsal həcmi və ixrac gəlirləri müvafiq olaraq 51,2% və 75,9% yüksəlib. Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi əməliyyat effektivliyinin, nəticədə gəlirlərin yüksəlməsinə təsir göstərib.
Hesabat ilində SOCAR-ın cari aktivləri 39,6% artaraq 33,43 milyard manata, ümumi aktivləri isə 16,5% yüksələrək 80,84 milyard manata çatıb.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5% artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6% artaraq 12,49 milyard manata yüksəlib.
Qeyd edək ki, şirkətin 31.12.2022-ci il tarixinə hazırlanmış maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy verilib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir