Mürəbbə tam yetişmiş və sağlam meyvələrdən hazırlanmalıdır
Bakı, 24 iyun, AZƏRTAC
Ev şəraitində demək olar ki, hamı mürəbbə bişirir. İlk baxışdan bu iş sadə görünsə də, burada diqqət edilməli məqamlar çoxdur. Çünki mürəbbələr müəyyən müddət saxlanılandan sonra istifadə edildiyinə görə konservləşdirilmiş məhsul hesab olunur. Mürəbbələrin hazırlanmasında ilk və ən vacib məqam sanitar-gigiyena qaydalarının gözlənilməsidir. Əllər, istifadə edilən məhsullar və qablar təmiz və steril olmalıdır. Əks halda mürəbbələri istehlak edərkən ciddi fəsadlarla üzləşmək mümkündür.
AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Cavidan Quliyev bununla bağlı deyib: “Mürəbbə hazırlanarkən tam yetişmiş və sağlam meyvələrdən istifadə edilməsi yaxşı olardı, çünki hər hansı xəstəliyə yoluxmuş və ya zədəli meyvələrdən istifadə olunması keyfiyyət göstəricilərinin aşağı düşməsinə gətirib çıxara bilər. Mürəbbə hazırlayarkən bir çox hallarda meyvələrin çəyirdəyi çıxarılmalıdır, çünki çəyirdəyin çıxarılması, çəngəl və ya hansısa bir alətlə meyvələrin üzərində deşiklərin açılması mürəbbədə daha çox şəkərin toplanılmasına, şərbətlə daha çox təmas etməsinə səbəb olur ki, bu da məhsulun daha yaxşı konservləşməsinə səbəb olur”.
Mürəbbələri hazırlayarkən mütləq istifadə olunan əsas və köməkçi xammallar öz miqdarına uyğun olaraq istifadə edilməlidir, çünki istifadə olunan şəkərin, suyun, meyvənin natamam və ya çox miqdarda olması mürəbbənin xarlamasına və ya turşumasına gətirib çıxara bilər. Bundan başqa mürəbbə bişirərkən temperatur amilinə də xüsusi diqqət yetirilməlidir. “Mürəbbələri hazırlayarkən əsasən onun üzərində köpük əmələ gələrsə onu götürmək lazımdır, çünki köpük məhsula qarışarsa, onun tərkibində kənar maddələr ola bilər. Başqa bir amil mürəbbə bişirərkən onu çox qarışdırmamaq lazımdır, çünki çox qarışdıranda məhsulun daha çox zədələnməsinə gətirib çıxarır. Yaxşı olar ki, mürəbbənin içərisində olan meyvələr öz tamlığını olduğu kimi qoruyub saxlasın “,- deyə mütəxəssis bildirib.
Onun dediyinə görə, mürəbbə bişəndən sonra onun soyuma prosesinə də diqqət yetirmək lazımdır: “Mürəbbələri soyumağa qoyarkən bir çox hallarda onun üzərinə qapaq və ya plastik örtük, bəzən də qəzetlə örtülməsi yolverilməz haldır. Məhsulun içərisində yüksək temperatur hərarət olduğu üçün ağzı kip bağlı qaldığı təqdirdə yenə orda rütubət nəm hala çevrilir və məhsulun içinə yenidən qayıdıb töküldüyü üçün yenə də turşuluğun yaranmasına gətirib çıxara bilər. Kənardan hər hansı zərərvericinin və ya hansısa maddənin düşməməsi üçün tənzif, parça, havakeçirici materialla örtülməsi lazımdır”.
Hazır mürəbbələrin saxlanılması da çox əhəmiyyətlidir. Mürəbbələr sərin, günəş şüalarının düşmədiyi yerlərdə saxlanılmalıdır. Mütəxəssislər bildirirlər ki, meyvələr mürəbbə hazırlayan zaman tam bişsə də, insan orqanizmi üçün zəruri olan vitaminlər olmur. Ona görə də qış mövsümündə yeyilməyən meyvələrin mürəbbələrini öz mövsümündə bişirərək istehlak etmək olar.
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
Səudiyyəli həkimlər beyinə çip yerləşdirilməsi üzrə robotlaşdırılmış əməliyyat həyata keçiriblər
Qodji ən qiymətli dərman bitkilərindən biridir