×
A
A
A
Sazlamalar

Belarusdan Azərbaycana qida məhsulları göndərən müəssisələrin qiymətləndirilmə prosesi sürətlənəcək

Bakı, 21 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin və Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında növbəti onlayn görüş olub.
Görüş zamanı agentliyin fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Belarusdan olan nümayəndələrə ətraflı məlumat verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycana yüksək riskli qida məhsulları ixrac olunan Belarusda fəaliyyət göstərən müəssisələrin təsdiqi ilə bağlı mövcud vəziyyət və qeydiyyat məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələrinə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər məsələlər barədə bir daha məlumat verilib. Qeyd olunub ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb edilən xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq olunduqdan sonra icazə verilir. Ölkələrin təsdiq sistemi qiymətləndirmə aparılmaqla həyata keçirilir. Eyni zamanda, görüşdə ölkəmizə qida məhsulları gətirilən Belarus müəssisələrinin qiymətləndirilməsi prosesinin sürətləndirilməsi və həmin obyektlərin qiymətləndirmə həyata keçirilmiş müəssisələrin siyahısına daxil edilməsi ilə bağlı məsələlərə toxunulub.

Sosial 2023-06-21 15:33:00