×
A
A
A
Sazlamalar

FHN bir sıra qəza-xilasetmə əməliyyatları həyata keçirib

Bakı, 20 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 37 halda yanğına çıxış, 10 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 17 nəfəri, o cümlədən qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfəri və Kürdəmir şəhərində “İsuzu” markalı yük avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində deformasiyaya uğramış nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış bir nəfəri xilas ediblər. Həmçinin paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan bir nəfərin cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2023-06-20 12:18:00