×
A
A
A
Sazlamalar

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən və üzərində silah saxlayan 49 nəfər saxlanılıb

Bakı, 15 iyun, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 9 nəfər - Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxslərdən ümumilikdə 8 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, rayonda bu il mayın əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 45 nəfər saxlanılıb. Onların hər biri barədə idarənin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Həmin dövrdə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha dörd nəfər də tutularaq məsuliyyətə cəlb edilib. Onlardan bir “Kalaşnikov” markalı avtomat, 2 tapança, bir “TOZ” markalı müvafiq sənədləri olmayan tüfəng və 12 patron aşkar olunub.

Hadisə 2023-06-15 13:37:00