×
A
A
A
Sazlamalar

İğdır-Naxçıvan təbii qaz kəmərinin çəkilməsi ilə bağlı işlər davam edir

Bakı, 12 iyun, AZƏRTAC

İğdır və Naxçıvan arasında təbii qaz kəmərinin çəkilməsi ilə bağlı işlər davam edir. 500 milyon kubmetr qaz nəqli potensialı olan bu layihənin həyata keçirilməsi üçün zəruri addımlar atılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov TurkicWorld-a müsahibəsində deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın ən mühüm addımlarından biri olan TANAP, təbii qaz resurslarının müxtəlifliyini artırmaq üçün indiyədək həyata keçirilən ən strateji layihələrdən biridir. Bu layihə sayəsində Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə başlayan Türkiyə və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq yeni müstəviyə keçib. Bu il TANAP boru kəməri ilə Türkiyəyə 10,2 milyard, Avropaya isə 12 milyard kubmetr qaz nəql ediləcək.
Səfir qeyd edib ki, qaz nəqlinin 32 milyard kubmetrə çatdırılması ilə həm Azərbaycanın, həm də digər dövlətlərin qazının TANAP vasitəsilə Avropaya göndərilməsinə imkan yaranacaq.
Onun sözlərinə görə, İğdır və Naxçıvan arasında təbii qaz kəmərinin çəkilməsi ilə bağlı işlər davam edir. 2020-ci ildə imzalanan anlaşma memorandumu ilə təməli qoyulan və 500 milyon kubmetr qaz nəqli potensialı olan bu layihənin həyata keçirilməsi üçün zəruri addımlar atılacaq.
Xatırladaq ki, 2000-ci il dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

Neft - qaz 2023-06-12 17:45:00