×
A
A
A
Sazlamalar

Polşalı fermerlər Ukrayna ilə sərhəddə etiraz aksiyası keçirirlər

Vyana, 10 iyun, AZƏRTAC

Polşanın şərqində fermerlər iyunun 9-dan etibarən Ukrayna taxılının ölkəyə idxalına etiraz olaraq, sərhədin yaxınlığında nəqliyyatın hərəkətini bağlayıblar.
AZƏRTAC xəbər verir ki, bir neçə aydan bəri yerli fermerlər Ukrayna məhsullarının daha ucuz qiymətə Polşaya daxil olması və yerli məhsulların rəqabətə davam gətirməməsindən narazıdırlar. Polşa və Avropa İttifaqının Ukraynanın kənd təsərrüfatı mallarının bazara təsirini yumşaltmaq səylərinə baxmayaraq, fermerlər atılan addımları yetərli hesab etməyiblər.
Fermerlərin etirazı ilə əlaqədar Dorohusk sərhəd-keçid məntəqəsinə gedən yol bağlanıb. Təxminən 450 yük maşını sərhədi keçmək üçün 13 kilometrlik tıxac yaradıb və saatda yalnız iki nəqliyyat vasitəsinin keçməsinə icazə verilir.
Cümə gecəsi Polşanın kənd təsərrüfatı naziri Robert Telus Dorohuskda etirazçıların nümayəndələri ilə görüşüb. Onun sözlərinə görə, fermerlərin tələblərinin demək olar ki, hamısı hökumət tərəfindən nəzərə alınacaq, o cümlədən buğda sahəsinin hər hektarına görə 3000 zlot (675 avro) subsidiya ödəniləcək. Telus, həmçinin bildirib ki, o, etirazçılara hökumətin hazırladığı əlavə dəstək formalarını təqdim edib.
Qeyd edək ki, yerli fermerlərin təzyiqləri nəticəsində bu ilin aprel ayında Polşa Ukraynanın ərzaq məhsullarına müvəqqəti qadağa tətbiq edib və bu, Avropa İttifaqı tərəfindən birtərəfli olaraq etirazla qarşılanıb. Lakin Ukrayna ilə həmsərhəd olan Aİ ölkələri Avropa Komissiyasını Ukrayna taxılının həmin ölkələrə idxalına tətbiq olunan qadağaya razı sala biliblər. İyunun 6-da Avropa Komissiyası Ukraynadan buğda, qarğıdalı, raps və günəbaxan toxumlarının idxalına qoyulan qadağanı sentyabrın ortalarına qədər uzadıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2023-06-10 18:41:00