×
A
A
A
Sazlamalar

İrpen şəhərinin meri: Azərbaycan Ukrayna üçün dost, qardaş ölkədir VİDEO

İrpen, 10 iyun, AZƏRTAC

Azərbaycanın Ukraynaya təyin olunan yeni səfiri Seymur Mərdəliyev İrpen şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Seymur Mərdəliyev İrpen şəhər meri Oleksandr Markuşin və səfirliyin diplomatları Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini yad ediblər.
Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmiz Ukraynaya, o cümlədən İrpen şəhərinə hər zaman dəstək göstərir və bu dəstək davam etdiriləcək. “İrpen ukraynalılarla yanaşı, azərbaycanlıların da doğma şəhəridir. Burada akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçə, orta məktəb və park var. İrpen Azərbaycan və Ukrayna xalqlarının dostluq körpüsüdür”, - deyə diplomat vurğulayıb.
Mer Oleksandr Markuşin çıxışında Azərbaycanı Ukrayna üçün dost, qardaş ölkə kimi qiymətləndirib. “Biz müharibə zamanı Azərbaycanın daimi diqqətini görmüşük. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbi tez bir zamanda əsaslı təmir etdi. Mən müharibə zamanı İrpenə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə mer əlavə edib.
Sonra səfir Seymur Mərdəliyev İrpenin müharibə zamanı dağılmış və ziyan görmüş ərazilərinə baxıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen

Siyasət 2023-06-10 17:10:00

Video