×
A
A
A
Sazlamalar

Musiqi dinləmək bir sıra xəstəliklər zamanı orqanizmə rahatlıq gətirir

Bakı, 10 iyun, AZƏRTAC

Çox vaxt musiqini möcüzə, əhvali-ruhiyyəyə müsbət təsir edən terapiya kimi qəbul edirlər. Xüsusilə, gərgin işdən əvvəl ruhun sakitlik tapması üçün musiqi dinləmək ən yaxşı üsul sayılır. Musiqinin insana böyük zövq vermək, ruha dinclik gətirməklə yanaşı tibdə də geniş istifadə olunması ilə əlaqədar qədim dövrdən məlumatlar var. Psixoterapiyanın bir qolu olan musiqi terapiyası haqqında Aristotel, Platon, Pifaqor, İbn Sina elmi tədqiqatlarında geniş bəhs ediblər. İndi də inkişaf etmiş ölkələrdə art-terapiyada musiqi ilə müalicə metodu tətbiq edilir.
AZƏRTAC xəbər verir ki, akademik Teymur Kərimov deyib: “Xalqımızın böyük filosofu Bəhmənyarın musiqinin insana rahatlıq gətirməsi haqqında fikirləri var. Elə onun məhz bu xüsusiyyətindən özünü bərpa üçün istifadə edirlər. Bir sıra xarici ölkələrdə müxtəlif xəstəlikləri ayrı-ayrı musiqilərlə müalicə etməyin mümkünlüyü barədə söhbətlər gedir. Bu zaman ən çox da klassik/Avropa musiqisinə üstünlük verirlər. Əslində bu, birtərəfli yanaşmadır. Xəstələri müalicə etməkdə Şərq musiqisi heç də həmin musiqidən geri qalmaz. Filosoflar müxtəlif xəstəliklərə hansı muğam və ya musiqinin təsir etdiyini araşdırıblar və müxtəlif nəticələrə gəliblər”.
Həkim-psixiatr Həlimə Qəmərlinskaya deyib: “Musiqi terapiyasının aktiv və passiv növləri var. Biz daha çox passiv növündən istifadə edirik. Yəni musiqi terapiyasının iştirakçısının hansısa alətdən istifadə etməsi mütləq vacib deyil, onun musiqini dinləməsi kifayətdir. Həmin vaxt dinləyicinin adaptasiyası, daxili aləminin açılması, əhvali-ruhiyyənin yüksəlməsi müşahidə olunur. Digər üsul zamanı isə musiqi alətlərindən istifadə edilir”.
Musiqi terapiyası həm də danışıq qüsurlarının müalicəsi və diksiyanın korreksiyası zamanı da tətbiq olunur. “Alsheymer, demensiya, postravmatik hadisələr zamanı, müxtəlif xəstəlik sindromlu uşaqların müalicəsində musiqi terapiyası çox aparıcı müalicə üsuludur. Təbii ki, onu mütləq psixiatrik hospitallarda müalicə seansları zamanı tətbiq etmək lazımdır. Motsartın uvertüraları, sonetləri, xüsusilə bəstəkarın 40 nömrəli sonatası beynin neyron şəbəkəsini artırır, əhvali-ruhiyyəni yüksəldir. Barokko üslubunda klassik musiqi çox faydalıdır və beyinin məhsuldarlığını artırır”,-deyə akademik qeyd edib.
Bundan başqa, bəzi çalğı alətləri insana müxtəlif cür təsir göstərir. Məsələn, skripka və fortepiano əsəbləri daha yaxşı sakitləşdirir, fleyta və violonçel səsindən ürək ritmi normaya düşür, qaboy və klarnet qaraciyərin funksiyasını fəallaşdırır, hərbi marşlar əzələlərin tonusunu artırır, iti tempdə çalınan major musiqi nəbzi yaxşılaşdırır, arterial təzyiqi yüksəldir.
Akademik Teymur Kərimlinin fikrincə, təkcə klassik musiqi ilə deyil, həm də vokal musiqisi də müalicəvi rol oynaya bilər: “Elə mahnı mətnləri var ki, dinləyicidə ruh yüksəkliyi yaradır, gələcəyə səsləyir. Elə mahnı mətnləri də var ki, ovqatı mənfi kökləyir. Bütün bunları nəzərə almaq lazımdır. Bəlkə də yeni bir mahnı yaradıcılığı yaranmalıdır ki, musiqi terapiyasında istifadə olunan mətnlər yazılsın. Xalqımızın çox istedadlı filosof şairləri var və onlar elə mahnı mətni yaza bilərlər ki, deyək ki, məsələn, başağrısına, digər xəstəliklərə qarşı təsir etsin. Çünki təkcə musiqidən ibarət yox, sözlə birlikdə olan musiqi insana kompleks şəkildə daha yaxşı təsir edir”.
Musiqi həqiqətən ruhun qidasıdır, ona görə də stresdən uzaq olmaq üçün əhvalı yaxşılaşdıran musiqi və melodiyalara üstünlük vermək lazımdır.

Sağlamlıq klubu 2023-06-10 16:22:00