×
A
A
A
Sazlamalar

Ümumdünya Ətraf Mühit Günü münasibətilə təmizlik aksiyası keçirilib

Sumqayıt, 10 iyun, AZƏRTAC

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə iyunun 10-da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu, “Təmiz Şəhər” ASC və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutan tədbirə 100-dən çox könüllü gənc qoşulub.
AZƏRTAC xəbər verir ki, Corat çimərliyində keçirilən təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dənizətrafı mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdə tullantıları çeşidləyərək toplayıblar. Bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Bununla yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənib və abadlaşdırılıb, paytaxtımızın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində pulsuz ictimai çimərliklər yaradılıb. Sahil zonalarında insanların xoş asudə vaxtının keçirilməsi üçün lazımi şəraitin təmin edilməsi ilə yanaşı, təmizlik, təhlükəsizlik və rahatlığına görə nümunəvi olan ictimai çimərliklərin yaradılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi bir daha hər kəsi indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.

Regionlar 2023-06-10 16:13:00