×
A
A
A
Sazlamalar

Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına zərbə vurur - Deputat

Bakı, 10 iyun, AZƏRTAC

ABŞ və Avropa İttifaqının ATƏT-dəki təmsilçiləri yenə də Laçın yolu ilə yüklərin azad şəkildə daşınmasının təmin olunmasından, Qarabağdakı hayların hüquq və təhlükəsizliklərinin təmin olunmasından dəm vururlar. Kimdir onları təhlükəyə sürükləyən?! Qarabağda qanunsuz silahlı birləşmə saxlayanlar yoxsa, Azərbaycan?! Kimdir onların hüquqlarını pozan?! Separatçı rejim barədə internetdə hansısa neqativ materialın axtarışına görə həbs tətbiq edənlər, yoxsa Azərbaycan?! Ümumiyyətlə, Afrikadan, Yaxın Şərqdən qaçanların hər vasitə ilə qarşısını kəsənlər, onları dənizlərdə batıranlar, ölkələrinə gəlib çıxanları isə qəfəsdə saxlayanlar Laçın yolu ilə azad gediş-gəliş deyiləndə nəyi nəzərdə tuturlar? Həmin yolla yenə minaların daşınmasımı, yoxsa İranın və digərlərinin göndərdikləri terror təlimçilərinin Qarabağa sərbəst gediş-gəlişinimi?
Qərbdəkilərin normal məntiqə sığmayan bu davranışlarının nədən qaynaqlandığı sirr deyil. Onlar Ermənistanın və Qarabağdakı separatçı ünsürlərin yeni savaş hazırlığı gördüklərini bilirlər. Hayları revanşizmə sürükləyən və artıq onları silahlandıran Fransanın mövqeyi aydındır. Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına zərbə vurur. Rəsmi Paris bununla həm də Vaşinqtonda gedən sülhyaratma prosesinə maneçilik törədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib.
Deputat bildirib ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Özünü və ölkəsini vasitəçi kimi sırımağa çalışan Makron isə bizim torpaqlarımızı “mübahisəli ərazi” adlandırır. “Yəqin ki, o, Almaniyaya cəmi 42 günə təslim olan ölkəsinin təcrübəsindən çıxış edərək, Ermənistanı da uduzduğu savaşın benefisiarına çevirmək istəyir. Amma unudur ki, indi İkinci Dünya müharibəsi dövrü deyil. Bəlli səbəblərdən Fransanı da öz cərgələrinə qoşanlar hazırda Ukraynada əks cəhdədirlər. Ən əsası, o zaman “böyük bacı”nın torpağı işğal olunmuşdu. Onun Hitler almaniyasısayaq nasizm xəstəliyinə yoluxmuş “kiçik bacısı” isə başqasının torpağına soxulmuşdu. Sonuncu “bacı” girdiyi torpaqdan vurulub çıxarılıb. Amma təəssüf ki, hələ tam yox. Onun ordusunun tör-töküntüləri hələ də Qarabağdadır. Azərbaycanın bu vəziyyətlə barışacağını, ordusunun mövqelərinin davamlı atəşə tutulacağını görməzdən gələcəyini düşünənlər, Ermənistanı yeni savaşa sürükləyənlər yanılırlar”, - deyə S.Alıyev diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, onlar unutmasınlar ki, İrəvan yenidən qarşıdurmaya baş vursa, bu dəfə “böyük bacı”nın İkinci Dünya savaşındakı rüsvayçı məğlubiyyət rekordunu təzələyəcək, yəni, ordusu 2020-ci ildəki kimi 44 günə yox, uzağı bir aya darmadağın ediləcək.
“Əminik ki, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi əsl liderlərin rəhbərlik etdikləri Azərbaycan və Türkiyə regionda təhlükəsizliyin təmin olunması bütün zəruri tədbirləri görəcək”, - deyə Sahib Alıyev vurğulayıb.

Siyasət 2023-06-10 16:03:00