×
A
A
A
Sazlamalar

Şəkidə hostel və kirayə evlərə tələbat hər gün artır - ARAŞDIRMA VİDEO

Şəki, 10 iyun, AZƏRTAC

Yaz-yay ayları gələndə hamı səsli-küylü Bakıdan uzaqlaşıb istirahətə can atır. Bu mənada ölkəmizdə yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri Şəki sayılır. Xüsusən turistlər “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinə baş çəkir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “Sənətkarlar evi” yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
Bəs Şəkidə turistlər qalmaq üçün yer problemi ilə qarşılaşırlarmı? Əməkdaşımızın bu istiqamətdə hazırladığı reportajı təqdim edirik.

İlhamə Hüseynova artıq 20 ildən çoxdur ki, turizm sektorunda fəaliyyət göstərir. Göz açdığı Kiş kəndi Böyük Qafqazın ətəklərində yerləşdiyindən bu kənd hər zaman yerli və xarici turistlərin diqqətini cəlb edib. İlhamə xanımın evi Kiş Alban məbədi yaxınlığında olduğundan o, əvvəllər qonaqları mürəbbəli çaya dəvət edir və yola salırdısa, sonradan onların gecələməsi üçün kirayə evlər axtarmağa başlayıb. Bir müddət keçdikdə sonra isə “Niyə öz xidmətimi təşkil etmirəm?” - deyə, özünə sual edib və bu istəyini reallaşdırmaqla, yəni hostel təşkil etməklə Şəkidə bir ilkə imza atıb.

O, səhər tezdən yuxudan duran kimi əvvəlcə qonaq-qarasının gecələdiyi yerlərdə köməkçisi ilə səliqə-sahman yaradır. Sonra qonşu həyətdəki iaşə xidmət sahəsinə keçir. Burada tamam fərqli bir mənzərə ilə qarşılaşmaq mümkündür. Əlbəttə ki, qonaqlara milli adət-ənənəyə uyğun samovar çayı və kənd qadınlarının müxtəlif meyvələrdən hazırladığı mürəbbələr təqdim edilir. Həmçinin gələn qonaqlara kənd qadınlarının əl işləri nümunə kimi göstərilir və onlara təndirdə bişirilən çörəkarası nümunələr təklif olunur. İlhamə xanım deyir ki, kim gəlir-gəlsin, mütləq bu təamdan dadmalıdır. Çünki bu, onun öz brendidir.

İlhamə xanım burada özü və oğlu ilə qonaqlara xidmət göstərir. O, bu illər ərzində ingiliscəsini də təkmilləşdirib və gələn qonaqlarla ünsiyyət qurmaqda heç bir çətinlik yaşamır.

Şəhərin mərkəzində fəaliyyət göstərən digər bir hostelə də baş çəkirik. Menecer İlkin Camallı burada qonaqların gecələməsi üçün lazımi şərait yaratdıqlarını söyləyir. Bildirir ki, hosteldə 13 otaq, 44 çarpayı var. Burada bir nəfər 15, iki nəfər isə 30 manata gecələyə bilər. Səhər yeməyi 6 manatdır. Qrup şəklində gələnlərə endirim təklif olunur və səhər yeməyi də həmin xərcə daxil edilir. Menecerin sözlərinə görə, yaz-yay aylarında xarici qonaqlar daha çox olur, nəinki yerlilər.

Hazırda Şəkidə 100-dən çox evin turistlərə kirayə verildiyini deyən turizm meneceri Aqil Məsimov, qiymətlər təyin olunan zaman evin şəraiti ilə yanaşı, təbiət mənzərəsinin də rol oynadığını bildirir. Belə ki, şəhər mərkəzində kirayə verilən evlərlə, dağ mənzərəli evlərin qiymətləri arasında fərq var. Menecerin sözlərinə görə yaz-yay aylarında dağətəyi, yaşıllıqları bol olan, lazımi şəraitə malik evlərin qiyməti daha baha olur. Hazırda günlük evlərin qiyməti bir gecəsi üçün 5-30 manat arası dəyişir. Dörd-beş nəfərlik ailələr üçün evlər isə 80-100 manat arasındadır.

Yerli və xarici turizm şirkətləri ilə sıx əməkdaşlıq edən Yusif Yusifov ta qədimdən Şəkinin qonaqlı-qaralı bir məkan olduğunu və son illər bu sahədə xeyli iş görüldüyünü bildirir. Özünün də turizm şirkəti olan Yusif Yusifov deyir ki, son bir neçə ildə Şəkidə 50 dən artıq hostel və motel fəaliyyətə başlayıb. İndi turizm sektorunda olanların daha çox böyük otellərə deyil, əsasən hostel və motellərə sərmayə yatırdığını qeyd edən həmsöhbətimiz, bu sırada fərdi evlərin də yer aldığını bildirir. Pandemiyadan sonra iş adamlarının Şəkidə turizm sektoruna daha çox sərmayə yatırdığını, xüsusən bütün şəraiti olan hostellər, eləcə də fərdi evlər aldığını və ya inşa etdiyini də sözlərinə əlavə edib.

Şəkiyə gələn hər kəs onun dadlı, əsrarəngiz mətbəx nümunələrindən dadmamış getməz. Digər tərəfdən, bu rayonun bir-birindən dadlı şirniyyatları da gələnlərin diqqətindən yayınmır.

Şəki Turizm İnformasiya Mərkəzindən bildirilib ki, rayonda hostel və kirayə evlərin qiymətləri digər regionlarla demək olar, eynidir. Sadəcə Şəkidə gəzməyə çoxlu tarixi məkanlar, qalalar, sənətkarlıq emalatxanaları, muzeylər var. Digər tərəfdən, daimi müştərisi, qonağı olan istər otel, kirayə ev və restoranları var ki, onlarda da xüsusi güzəşt tətbiq olunur.

 

 



Regionlar 2023-06-10 11:10:00

Video