×
A
A
A
Sazlamalar

UNESCO Mərkəzi Asiyada ekoloji problemlərin həllinə sərmayələri artıracaq

Bakı, 10 iyun, AZƏRTAC
Qazaxıstan və Qırğızıstanda səfərdə olan UNESCO-nun Baş direktoru Odri Azulay bildirib ki, onun rəhbərlik etdiyi təşkilat bu ölkələrdə iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq məqsədilə sərmayələrin həcmini artırmaq niyyətindədir.
AZƏRTAC UNESCO-nun rəsmi saytına istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov ilə görüşən Odri Azulay, həmçinin Astana Forumunda da çıxış edib. O bildirib ki, hesabatlara görə, Mərkəzi Asiyanın buzlaqları son 50 ildə öz həcminin 20-30 faizin itirib. Bu səbəbdən UNESCO regionda fəaliyyətini gücləndirmək qərarına gəlib. 2017-ci ildən Almatıda yerləşən UNESCO-nun regional tədqiqat mərkəzi də qlyasiologiya üzrə fəaliyyət göstərir. O, dörd tematik laboratoriyada təxminən iyirmi beynəlxalq tədqiqatçını birləşdirir və kriosferin, qar və buz ehtiyatlarının monitorinqini aparır, habelə geokriologiya və təbii təhlükələr üzrə elmi tədqiqatlar həyata keçirir.
Baş direktor qeyd edib ki, 2021-ci ilin sonunda UNESCO regionun buzlaqlarının xəritəsini çəkmək üçün Uyğunlaşma Fondu tərəfindən 6 milyon dollardan çox məbləğdə maliyyələşdirilən yeni regional elmi proqrama start verib. Təşkilat, həmçinin 2025-ci ilə qədər Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üçün buzlaqların əriməsi riski ilə bağlı xəbərdarlıq və hazırlıq sistemi yaratmağı hədəfləyir. Eyni zamanda, əhali üçün erkən xəbərdarlıq sistemlərini yerləşdirmək məqsədilə ən həssas ərazilərin xəritəsi tərtib ediləcək, çünki təbii fəlakətlər, xüsusən də GLOF (buzlaq gölünün daşqınları) riskləri getdikcə artır.
Odri Azulay qeyd edib ki, UNESCO Fransa Qlobal Ətraf Mühit Fondunun dəstəyi sayəsində 2023-cü ilin yayından etibarən bu sahələrə investisiyanı iki dəfə artıracaq. Yerli mütəxəssislərə Mərkəzi Asiya kriosferi - buzlaqlar, qar, əbədi donma haqqında dərin biliklər verəcək. Bu fəaliyyət region ölkələri arasında kriosferin idarə olunması üzrə milli planların və strateji əməkdaşlıq proqramının yaradılmasını asanlaşdıracaq.
Qırğızıstandakı Adıgen və Qolubin buzlaqlarına səfəri zamanı Odri Azulay qeyd edib ki, “elmi əməkdaşlıq və açıq elm su böhranını həll etmək üçün vacibdir”.

Ekologiya 2023-06-10 11:00:00