×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunur

Bakı, 9 iyun, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsi təmir olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 400 metr, ortalama eni 9 metr təşkil edən küçədə təmir işləri çərçivəsində yarasız səki və bordür daşlarının sökülməsi işləri aparılır.
Ardıcıllığa uyğun olaraq köhnə asfalt-beton örtüyünün frezlənməsi, 700 kvadratmetr səki, 720 poqonometr bordür daşlarının yenilənməsi işləri görüləcək.
Təmir işləri çərçivəsində küçə boyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə istifadəyə veriləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Tikinti̇ 2023-06-09 18:42:00