×
A
A
A
Sazlamalar

Uşaqların nitqində gecikmə varsa, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır

Bakı, 9 iyun, AZƏRTAC

Uşaqlarda ekspressiv və reseptiv olmaqla, iki cür nitq formalaşır. Ekspressiv uşağın ifadə dilidir. Onlar məhz ekspressiv nitq vasitəsilə istəklərini dilə gətirir. Reseptiv nitq isə anlama dilidir. Yəni uşaqlar reseptiv nitq vasitəsilə deyilənləri anlayır. Uşaqlar bir yaşında məna ifadə edən bir söz deyə bilirsə, eyni zamanda ona deyilən və hərəkət ifadə edən (gəl, al, dayan, oyna və digər), əşyaların adlarını deyəndə başa düşürsə, bu normal hesab edilir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 5 nömrəli Uşaq Poliklinikasının baş həkiminin müavini Sevinc Abbasova deyib. Onun sözlərinə görə, iki yaş civarında uşaqlar müəyyən məna kəsb edən altı söz bilməli, istəklərini başa salmaq üçün sözlərdən və jestlərdən istifadə etməlidir. Üç yaş aralığında isə dörd sözdən ibarət cümlələr qurmalı, hadisələri və ya qısa hekayələri ifadə etməlidirlər.
Uşaqlar sadalanan formada sözlər demirsə və fikrini ifadə edə bilmirsə, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır: “Ola bilər ki, uşaq eşitmir və ona görə də danışmır. Üç yaşına qədər danışa bilmirsə, həmçinin eşitməsində heç bir problem yoxdursa, o zaman uşaqlar nevropatoloq və psixiatrlar tərəfindən yoxlanılır. Spektr, autizm olub-olmaması dəqiqləşdirilir. Uşağın kimlərlə kontaktda olması kimi amillər onların nitqinin inkişafında rol oynayan əsas məqamlardır. Bəzən uşaqların danışığı zamanı səsləri düzgün tələffüz etməmələri hallarına da rast gəlinir. Üç-dörd yaşına qədər belə hal olarsa, bu, normal qəbul edilir. Amma məktəb yaşına qədər bu hal düzəlməlidir. Əgər bu proses davam edərsə, uşaqla loqoped məşğul olmalıdır. Nitqin düzgün olmamasına səbəb olan amillərdən biri də ağız boşluğunda hər hansı qüsurların olmasıdır”.
16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyeva isə bildirib ki, uşaqları yedirəndə və ya digər vaxtlarda telefon, planşet və digər texnoloji avadanlıqlardan istifadə əvəzinə rəngli şəkillər, quşlar, heyvanlar, təbiət aləmini əks etdirən görüntülər olan kitablar vermək lazımdır: “Valideyn kitabı vərəqləyərək, orada göstərilən cisimləri tələffüz etməlidir. Həmin sözlər uşaqların beynində formalaşmalıdır. Bir yaşlı uşaq bir neçə sadə və rahat tələffüz olunan sözlər deməlidir. Artıq iki yaşına qədər uşaqlar 10-a yaxın rahat tələffüz edilən sözlər deməlidir. İki yaşında isə iki sözdən ibarət sadə cümlələr qurmalıdır. Üç yaşlı uşaqlar isə nisbətən daha mürəkkəb cümlələr qurmağı, həmçinin saymağı və rəngləri seçməyi bacarmalıdır. 4-5 yaşında isə dörd-beş sözdən ibarət cümlələr qurmalıdır”.
Həkim-pediatr vurğulayıb ki, uşaqların inkişaf mərhələləri düzgün olarsa, məktəbə gedən zaman həm dərsləri qavrama, həm də fikirlərini daha düzgün ifadə etmək qabiliyyəti də inkişaf edəcək.
“Nitq qüsurlarının müalicəsi həm loqoped və psixoloqların iştirakı ilə aparıla bilər. İrəliləyən yaşlarda nitq geriləmələri və digər qüsurlar qaldıqda, dərman müalicəsi ilə də bunun qarşısını almaq mümkündür”.

Səhiyyə 2023-06-09 18:30:00