×
A
A
A
Sazlamalar

“Şəfa vermək” adı altında casus ovu

Bakı, 9 iyun, AZƏRTAC

Son üç ildə İranı 12 mindən çox yerli həkim tərk edib. 1979-cu ildən başlanan proses artıq dalana dirənib. Müasir texnologiyaların yoxluğu, dərman preparatlarının primitivliyi, elmi araşdırmaların mümkünsüzlüyü ölkəni çətin duruma salıb.
İranda həkimlər çalışdıqlarının qarşılığını ala bilmədiklərindən qonşu ölkələrdən, o cümlədən Azərbaycandan ölkəyə şəfa tapmaq ümidi ilə pənah gətirənlərin hesabına ödəmək istəyirlər. Müasir tibbi aparatura və avadanlıqların olmaması da onlara peşəkar fəaliyyət göstərmək sahəsində əl-qolunu bağlayır. Ölkəyə üz tutan azərbaycanlıların casusluq fəaliyyətinə cəlb edilməsi haqqında məlumatlar var. Azərbaycandan olan xəstələri müalicə edən ağxalatlı peşə sahiblərinin xeyli hissəsinin xüsusi xidmət orqanları ilə əlaqələr var.
AZƏRTAC xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova İranda “səhiyyə turizmi” adı altında Azərbaycan vətəndaşlarına göstərilən keyfiyyətsiz və yarıtmaz tibbi xidmətdən danışarkən deyib.
Şöbə müdiri deyib: “Əldə edilən məlumatlara görə, İran həkimləri Arazın şimalından qonşu ölkəyə üz tutanları tələyə salmaq üçün plastik əməliyyatlardan da istifadə edirlər. Məlum olduğu kimi, “molla rejimi”nin hökmranlıq etdiyi ölkədə plastik əməliyyatlara qadağa qoyulub. Başqa ad altında qeydiyyatdan keçirilən soydaşlarımız sonradan guya hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır və “dəmir barmaqlığa” salınmaq qorxusu ilə casusluğa cəlb edilir. Həmin məxfi əməliyyatlar nəticəsində böyük qazanclar əldə olunur, həm də öz ölkəsinə qarşı işləyən casus şəbəkəsi yaradılır. İranda vətəndaşların “molla rejimi”ndən xofu aradan qalxdıqca “səhiyyə turizmi” sahəsində mövcud olan eybəcərliklər də üzə çıxır. Çarəsiz xəstələrin orqanizminə müxtəlif virus və bakteriyalar yerləşdirmək, ən yüngül xəstələri qorxudaraq stasionar şəkildə yatırmaq, onlara bəzi hormonal dərmanlar vuraraq daha ağır xəstəliklərə mübtəla etmək Hippokrat andi içən peşə sahiblərinin başlıca fəaliyyət sahəsinə çevrilib. Hər yerdən əli üzülən xəstələr sağalmaq, ölüm-qalım mübarizəsindən qalib çıxmaq üçün mübarizə apardığı bir vaxtda İran həkimləri ciblərini güdür və öz mənafeləri üçün çarəsiz insanların həyatından bir vasitə kimi istifadə edirlər. Camaat olan-qalanını, sonuncu manatını götürüb ağrı-acıdan xilas olmaq, xəstəlikdən qurtulmaq üçün Arazın cənubundakı həkimlərin “möcüzəsinə” bel bağlayır, onlar da bu fürsətdən istifadə edib casus ovuna çıxırlar. Bu yerdə ataların məşhur məsəli lap yerinə düşür: “Keçi can hayındadır, qəssab da piy axtarır...”.
“Hazırda Azərbaycan səhiyyəsi ən çətin və mürəkkəb əməliyyatları yüksək səviyyədə icra etmək iqtidarındadır, klinikalarda Avropa və dünyanın müxtəlif ölkələrində ali tibb təhsili alan peşəkar həkimlər çalışırlar. Onlara müraciət edərək şəfa tapmaq əvəzinə günlərlə İran yollarında qalan, bir klinikadan digərinə ayaq döyən, qonşu ölkədə keyfiyyətsiz dərmanlara yanlış müalicə alan soydaşlarımız “özünə umac ova bilməyib, özgəsinə əriştə kəsən” “molla rejimi”nin həkim əllaməliyindən üz çevirməlidirlər. Azərbaycan həkimlərinin pandemiya dövründə insanların həyatını xilas etmək naminə gecəli-gündüzlü işi, postpandemiya dövründəki fəaliyyətləri göz önündədir. İndi bir sıra ölkələrdən xəstələr belə ixtisaslı həkimlərin qəbuluna gəlmək, onların əli ilə şəfa tapmaq istəyirlər. Şəfanı “ucuz və keyfiyyətli səhiyyə” adı ilə reklam etdirən özgə qapılarda axtarmaq, fırıldaqçı həkimlərin yanlış müalicələri ilə sağalmağa ümid bağlamaq gülünc və mənasız işdir. Dərmanı da, şəfanı da öz ölkəmizdəki peşəkar həkim əllərində axtarmaq lazımdır...”, - deyə həkim-terapevt bildirib.

Səhiyyə 2023-06-09 17:33:00