×
A
A
A
Sazlamalar

“Eni” şirkəti Liviya və Qazaxıstanda yeni layihələr həyata keçirəcək

Bakı, 9 iyun, AZƏRTAC

İtaliyanın “Eni” şirkətinin rəhbərliyi Liviyada enerji keçid təşəbbüsləri üzrə anlaşma Memorandumu (MoU) imzalayıb, həmçinin qazın qiymətləndirilməsi strategiyası və enerji keçid investisiyalarını müzakirə etmək üçün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
AZƏRTAC “Oil&Gas” jurnalına istinadla xəbər verir ki, Liviya ilə imzalanmış Memorandumun məqsədi bu ölkədə istixana qazı emissiyalarının azaldılması, davamlı enerjinin inkişafı imkanlarını öyrənmək və müəyyən etməkdir.
Memorandumun şərtlərinə əsasən, “Eni” təbii qazın yandırılması, qaçaq emissiyaların və ventilyasiyanın azaldılması yolu ilə CO2 emissiyalarının aşağı salınması üzrə yeni layihələr üzərində işləyəcək. Bundan əlavə, Liviyada bərpa olunan enerjinin inkişafı üçün yeni həllər və elektrik enerjisindən səmərəli istifadə təşəbbüsləri qiymətləndiriləcək. Nəhayət, şirkət daxili bazar və potensial ixrac üçün inteqrasiya edilmiş layihənin bir hissəsi kimi inkişaf etdiriləcək mövcud yataqlardan əlavə qaz ehtiyatlarının müəyyənləşdirilməsi üzərində işləyəcək.
“Eni” Liviyada əsas beynəlxalq qaz istehsalçısıdır və milli hasilatın 80 faizinə sahibdir. İstehsal fəaliyyəti səhmlərinin 50 faizinin Liviya Milli Neft Korporasiyasına məxsus olduğu “Mellitah Oil and Gas BV” birgə müəssisəsi vasitəsilə həyata keçirilir.
Bundan başqa, iyunun 8-də “Eni” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İtaliya şirkətinin cari fəaliyyəti, gələcək layihələri və ölkədəki karbonsuzlaşdırma təşəbbüslərini müzakirə etmək üçün görüşüblər.
Görüşdən sonra “KazMunayQaz” və “Eni” şirkətləri arasında Manqistau vilayətinin Janaozen şəhərində 250 MVt gücündə hibrid bərpa olunan enerji-qaz elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Qazaxıstanda ilk olan çoxtərəfli layihə günəş elektrik stansiyası, külək elektrik stansiyası və “KazMunayQaz”ın ərazidəki törəmə şirkətlərinə aşağı karbonlu və sabit elektrik enerjisi istehsalı və təchizatı imkanı verəcək qaz elektrik stansiyasından ibarətdir.
“Eni” Qazaxıstanda 1992-ci ildən bəri fəaliyyət göstərir və burada “Qaraçaqanak” yatağının müştərək operatoru, habelə Xəzər dənizinin şimalında müxtəlif layihələrdə, o cümlədən nəhəng “Kaşaqan” yatağında səhm tərəfdaşıdır. “Eni” “Abay” kəşfiyyat blokunda da “KazMunayQaz” ilə birgə operatordur. İtaliya şirkəti, həmçinin Qazaxıstanın bərpa olunan enerji sektorunda ümumi quraşdırılmış və ya tikilməkdə olan 150 MVt gücündə obyektin inşası üzrə “Arm Wind” törəmə şirkəti vasitəsilə fəaliyyət göstərir.

Neft - qaz 2023-06-09 16:44:00