×
A
A
A
Sazlamalar

“Güney Azərbaycan və Türk dünyası” mövzusunda panel təşkil edilib

Bakı, 9 iyun, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Güney Azərbaycan və Türk dünyası” mövzusunda panel təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, panelin moderatoru Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuad Güney Azərbaycan ədəbiyyatı haqqında bilgi verərək qonaqları təqdim edib.
Moderator qeyd edib ki, Prezident İlham Əliyevin Səmərqənd görüşündəki cəsarətli, tarixi çıxışından sonra Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində yeni dönəm başlayıb.
Tədbirdə Cənubi Azərbaycandan olan şairlər çıxış ediblər. Şair Məsud Haray İranda yaşayan azərbaycanlıların problemlərindən bəhs edib, maneələrə baxmayaraq, ədəbiyyat adamlarının inadla mübarizə apardıqlarını vurğulayıb. İsveçdə mühacir həyatı yaşamağa məhkum edilən tərcüməçi və publisist Abdulla Əmir Haşimi Cavanşir Güney Azərbaycanda yaranan ədəbiyyatın əsas mövzularından birinin mücadilə və milli kimlik olduğunu diqqətə çatdırıb. Tədqiqatçı alim Məhəmməd Rəhmanifər isə İranda Azərbaycan türkü olan şairlərin kitab çıxarmağının problemlərindən danışıb.
Tədbirdə şairlər milli ruhlu şeirlər səsləndiriblər.

Elm və təhsil 2023-06-09 15:16:00