×
A
A
A
Sazlamalar

Azərbaycan Banklar Assosiasiyasına yeni üzv qəbul edilib

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, gündəliyə iyunun 13-də Maliyyə və Texnologiyalar Sərgisi – Fintex Sammit tədbiri çərçivəsində Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının iclasının Bakıda keçirilməsi, “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə Fəaliyyət Planı”nın icrasının müzakirəsi, “Azərpoçt” MMC-nin ABA-da üzvlüklə bağlı müraciətinin müzakirəsi və digər cari məsələlər daxil olub.
İclas zamanı ABA-ya üzv olmaq məqsədilə 1 qeyri-bank – “Azərpoçt” MMC-nin müraciətinə baxılıb. Müraciət iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul olunaraq bu qurum ABA-nın üzvlərinin siyahısına daxil edilib. Beləliklə hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 24 bank və 6 qeyri-bank olub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.

İqtisadiyyat 2023-06-09 15:15:00