×
A
A
A
Sazlamalar

Bakı Kitab Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş kitabın təqdimatı olub

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Kitab Mərkəzində Əməkdar jurnalist Nadejda İsmayılovanın Xalq yazıçısı, kinodramaturq, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyova (1935-2016) həsr edilmiş “Maqsud əbədidir” (Azərbaycan və rus dillərində) kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin direktoru Günel Anarqızı qonaqları salamlayıb və “Maqsud əbədidir” kitabının bu məkanda təqdim olunmasından məmnunluğunu bildirib.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova deyib ki, əsər təkcə Maqsud İbrahimbəyov haqqında olan xatirələrdən ibarət deyil, bioqrafik nəsr nümunəsidir.
Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi yazıçının özünəməxsus yaradıcılığından söz açdı. Bildirdi ki, M.İbrahimbəyovun əsərləri bütün nəsillər tərəfindən sevilir, qəhrəmanlarının hər birinin koloriti və yaddaqalan xarakteri ilə diqqəti cəlb edir: “Bizim nəsil onun nəsrinin ab-havasına köklənər, qələmindən çıxan yazıları böyük həvəslə gözləyər, kitablarını maraqla oxuyardı. O, bütöv bir nəslin ədəbi siması olmaqla yanaşı, həm də əbədi oxunacaq bir yazıçıdır”.
Müəllif Nadejda İsmayılova yazıçı ilə bağlı xatirələrini bölüşüb. Diqqətə çatdırıb ki, əsər ədibin arxiv materialları, əlyazmaları dəqiq araşdırılaraq ərsəyə gətirilib. O, kitabın çapına görə Heydər Əliyev Fonduna və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Təqdimatda çıxış edən digər qonaqlar da M.İbrahimbəyov haqqında xatirələrini bölüşüb, yazıçının yaradıcılığının özünəməxsusluğundan söz açıblar.
Çıxışlardan sonra rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi “Bağçada rahat yer” adlı eksperimental interaktiv tamaşa göstərilib. M.İbrahimbəyovun “Püstə ağacı”, “Bağçada rahat yer” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanmış səhnə işində rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Mələk Abbaszadə, Şahin Növrəsli yer alıb. Bəstəkar Şahin Növrəsli tamaşada, həmçinin royal arxasında musiqi kompozisiyaları ifa etdi.
Qeyd edək ki, “Maqsud əbədidir” kitabının ilk təqdimatı iyunun 2-də Heydər Əliyev Mərkəzində keçirilmişdi.

Mədəniyyət 2023-06-09 15:10:00